XİN başçılarının görüşü nə vəd edir? - RƏY
“Dağlıq Qarabağ münaqişəsi təcili şəkildə həll olunmalıdır.Çünki, bizim çox ciddi strateji proqramlarımız var və ölkəmiz problemi tezliklə və sülh yolu çərçivəsində həllinin tərəfdarıdır”. Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.
24 Sentyabr 2018 13:49 Siyasət"Dağlıq Qarabağ münaqişəsi təcili şəkildə həll olunmalıdır.Çünki, bizim çox ciddi strateji proqramlarımız var və ölkəmiz problemi tezliklə və sülh yolu çərçivəsində həllinin tərəfdarıdır".
Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Hazırda Ermənistanda rəhbərliyə gələn qüvvələrin nə etmək istədiklərini bilmədiyini deyən deputat bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə törətdiyinə təəssüfünü bildirib.
Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları arasında keçiriləcək görüşə toxunan A. Mollazadə sözügedən görüşdən problemin həlli istiqamətində müsbət heç nə gözləmədiyini dilə gətirib: "Mən bu görüşdən müsbət heç nə gözləmirəm. Çünki, Ermənistan indi rəhbərliyi nə danışıqlara, nə də hər hansı təklif irəli sürməyə hazır deyil".
Deputat vurğulayıb ki, Ermənistanın problemin həllini uzatmaq üçün artıq heç bir şansı yoxdur: "Çünki, bütün hallarda düşmən ölkə ağır vəziyyətdədir. Əgər Ermənistan problemi həll etməsə, ümumiyyətlə onun ölkə kimi mövcudluğu sual altındadır. ABŞ, Fransa və digər ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiq göstərmək istəyirlər. Zənnimcə burada aparıcı rol Ermənistanın sahiblərindədir. Çox güman ki, düşmən ölkənin hazırkı rəhbərliyi ilə münaqişəni həll etmək mümkün olmayacaq. Düşmən ölkə rəhbərliyi cəfəng açıqlamaları ilə münaqişənin həllinə hazır olmadığını göstərmiş olur".
A. Mollazadə əlavə edib ki, Ermənistan Rusiyanın hərbi baza funksiyasını yerinə yetirən ərazidir: "Bu baxımdan biz çox istərdik Rusiya münaqişənin həllində öz kömək etsin".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşəcəklər. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
SİA