Azərbaycanla Rusiya arasındakı münasibətlər yeni keyfiyyət mərhələsinə çatacaq
Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ və digər işğal olunmuş regionlarımızın Rusiya-Azərbaycan regional əməkdaşlığına qoşulması üçün zəmin hazırlanmalıdır”
24 Sentyabr 2018 13:07 SiyasətMübariz Əhmədoğlu: "Dağlıq Qarabağ və digər işğal olunmuş regionlarımızın Rusiya-Azərbaycan regional əməkdaşlığına qoşulması üçün zəmin hazırlanmalıdır"
Azərbaycanın uzun illərdir ki, həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin yerləşdiyi soğrafiyada yeri və rolunu möhkəmləndirməklə yanaşı, ayrı-ayrı dövlətlərlə, ölkələrlə normal əməkdaşlıq mühiti də yaradıb. Son illərdə rəsmi Bakının xarici siyasət kursunda şimal qonşumuz Rusiya Federasiyası ilə əlaqələr xüsusi diqqət çəkir. Onu da qeyd etmək yerinə düşər ki, elə rəsmi Moskva da Cənubi Qafqazda Azərbaycanla yaxından əməkdaşlıq etmək, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Bunu da şərtləndirən amillər kifayət qədərdir. Hər şeydən öncə Rusiya ilə Azərbaycan dərin tarixi siyasi köklərə malikdir. İki ölkə arasında tarixən dərin siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr mövcud olub və bu gün də həmin əlaqələr inkişaf edir. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və keçirilən səmərəli görüşlər də Moskva-Bakı münasibətlərinin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətli idi. Bu günlərdə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri reallaşır. Heç şübhəsiz ki, bu səfər də ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətli sayıla bilər.
Rusiya ilə Azərbaycan arasında mövcud olan münasibətlərdən danışan Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Rusiya-Azərbaycan münasibətlərində aktivlik kifayət qədər ön plandadır və Vladimir Putinin qarşıdakı 6 illik prezidentliyi dövründə bütün MDB dövlətləri ilə, xüsusilə Azərbaycanla Rusiya arasındakı münasibətlər yeni keyfiyyət mərhələsinə çatacaq. Onun sözlərinə görə, Vladimir Putinin yenidən prezidentliyə başladığı dövrdə atdığı addımlar bunu deməyə əsas verir: "İki ölkə arasında regional əməkdaşlıq kontekstindən elə məsələlər var ki, onların indiki dövrdə diqqətdən kənarda qalması Azərbaycanın maraqlarına ziddir və Azərbaycanın o maraqlarının Rusiya tərəfdən dərk edilməməsi nə zamansa Azərbaycan cəmiyyətinin müəyyən təbəqəsində Rusiya haqda neqativ fikirləri formalaşdırmaq üçün əsas yarada bilər. Kənd təsərrüfatı istehsalı və iqtisadiyyatda orijinal imkanlara malik olan Azərbaycanın erməni işğalı altındakı regionlarının bu əməkdaşlığa qoşulmasının vaxtı çoxdan çatıb. Hətta Putin özü vaxtilə "Ağdam çaxırı" kəlməsini işlədib. Rusiyada brend kimi qəbul olunan "Ağdam çaxırının" vətəni erməni işğalı altındadır. Vladimir Putin daxil olmaqla Rusiyanın bütün rəhbərliyi bilir ki, Azərbaycanın ətraf rayonlarının ümumiyyətlə ermənilərə heç bir zaman heç vaxt aidiyyəti olmayıb, heç zaman orada erməni yaşamayıb. Ermənilərin Dağlıq Qarabağa gəlmə tarixini hamı, o cümlədən Azərbaycan Rusiya arxivlərindən öyrənir. Ermənilərin Dağlıq Qarabağa köçməsi çar Rusiyasının məhsuludur". Mərkəz rəhbəri deyib ki, Rusiyanın regionlararası əməkdaşlıq adı altında Azərbaycanın regionlarının bir qrupunu diqqətdən kənarda saxlaması erməni separatizmini ruhlandıran məsələ kimi qəbul olunmalıdır: "İndiki şəraitdə ən düzgün variant Rusiya-Azərbaycan arasındakı regionlararası əməkdaşlığa Dağlıq Qarabağ və Azərbaycanın digər işğal altında olan ərazilərinin qoşulması məsələsinə də münasibət bildirilməsidir. Nəticədə Azərbaycan-Rusiya regionlarası əməkdaşlığın onsuz da böyük olan potensialının reallaşması üçün əlavə resurslar yaranacaq. Bu isə öz növbəsində ümumilikdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin möhkəmlənməsinə şərait yarada bilər. Bu sahədə Rusiyanın əlində hədsiz çox geniş imkanlar var. Ermənistana Rusiyanın təsiri hədsiz böyükdür. Ermənistanın uçuruma yuvarlanması elə Rusiyanın özü üçün də problem yaradacaq. Ermənistanı uçuruma yuvarladan əsas səbəb isə onun Azərbaycan torpaqlarını işğal etməsidir. Beləliklə hissə-hissə Azərbaycan regionlarını Ermənistanın işğalı altından çıxarmaqla və yaxud işğalçılıqla bağlı Rusiya Ermənistana düzgün mesaj göndərməklə Ermənistanın da vəziyyətini yüngülləşdirmək olar. Rusiya-Azərbaycan regionlararası əməkdaşlığın Dağlıq Qarabağı və Azərbaycanın digər işğal olunmuş ərazilərini əhatə etməsi həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan üçün faydalı məsələ kimi qəbul edilməlidir".
Məhəmməd