“İşğalçıya qarşı çox ciddi tədbirlər görülməsinin vaxtı çatıb”

Elman Məmmədov: “İlham Əliyevin parlamentin 100 illik yubiley tədbirindəki çıxışı hamıya nümunə, dərs və xəbərdarlıq oldu”

Elman Məmmədov: "İlham Əliyevin parlamentin 100 illik yubiley tədbirindəki çıxışı hamıya nümunə, dərs və xəbərdarlıq oldu"

Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışı bir sıra nüanslarla yadda qalıb. Dövlət başçısı çıxışında bölgədə və dünyada baş verən siyasi proseslərin mahiyyətini açıqlanaqla yanaşı, Azərbaycanın ümumilli problemi olan Dağlıq Qarabağ məsələsinə də aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Bu gün bu torpaqlar işğal altındadır. Nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Dağıdılmış şəhərlərimizin şəkilləri internetdə dərc edilir, bunu hər kəs görə bilər. Bizim bütün milli sərvətimiz, muzeylərimiz ermənilər tərəfindən talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb. Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımı törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicəsinə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcəkdir". İlham Əliyev xatırladıb ki, bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər: "Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".

Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Prezident İlham Əliyev Milli Məclisin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı çox geniş, məzmunlu, dəyərli fikirlər irəli sürdü. Bu çıxışda demək olar ki, bütün istiqamət və sahələr əhatə olundu. Onun sözlərinə görə, Prezident çıxışında Azərbaycanda dövlətçiliyin, parlamentarizmin bünövrəsindən başlanan bu günlərə qədər bütün məsələlərin hər birinə toxunaraq, Milli Məclisin fəaliyyətinə xüsusi əhəmiyyət verərək, qiymətləndirdi: "Dövlət başçısının çıxışı zamanı ölkəmizin beynəlxalq əlaqələrinə, iqtisadi inkişafına toxunduğunu deyən deputat vurğulayıb ki, Prezident İlham Əliyev tədbirdə çoxsaylı beynəlxalq qonaqların iştirakını nəzərə alaraq, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar həm işğalçı tərəf, həm də bu məsələdə cavabdehlik daşıyan, problemin həlli ilə bilavasitə məşğul olan beynəlxalq qurumların fəaliyyəti ilə bağlı cəsarətli, ciddi fikirlər söylədi: "İlk növbədə bir daha terrorçu, işğalçı, cinayətkar özünü dövlət adlandıran qurumun özünə və rəhbərliyinə çatdırıldı ki, əgər siz də özünüzdən əvvəlkilər kimi sərsəm siyasət aparsanız sonunuz yaxşı olmayacaq. Ermənistan birmənalı olaraq bilməlidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdardır, lakin Ermənistanın atdığı addımlar, cəfəng fikirlər onların sülhə danışıqlara hazır olmadığını bizə deməyə əsas verir. Belə olan halda, ölkəmiz güc yolundan istifadə etməyə məcbur olacaq. Dövlət başçısı bu fikirləri ilə Ermənistana ciddi şəkildə xəbərdarlıq etdi". Prezident İlham Əliyevin çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumlara da ciddi mesajlar verdiyini xüsusi vurğulayan E.Məmmədov söyləyib ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilat olan BMT əgər özünün 25 ilə yaxındır ki qəbul etdiyi 4 məlum qətnaməni çırtdan dövlətə icra etmirsə, bununla özünün nüfuzunu aşağı salmış olur: "ATƏT-in Minsk qrupunun həmsədrləri də bu qəbildəndirlər. Yəni onlar işğalçı ilə həmfikir, ya da fəaliyyətləri yarıtmazdır. Beynəlxalq təşkilatlar ölkə başçısının bu mesajlarından ciddi nəticə çıxarmalıdırlar. Ümumiyyətlə, Prezident İlham Əliyevin yubiley tədbirində gələcəyə hesablanan proqram xarakterli çıxışı hamıya nümunə, dərs və xəbərdarlıq oldu".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31