Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
21 Sentyabr 2018 16:17 SiyasətAzərbaycan Prezidenti: "Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir"
Sentyabrın 21-də Milli Məclisin (MM) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Parlamentinin 100 illiyi ilə bağlı xüsusi və təntənəli iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib. Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 iliyi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı çıxışında qeyd edib ki, bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il "Cümhuriyyət İli" çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlətimizin başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirib. "Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var", - deyən Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlətimizin başçısı qeyd edib ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğulayıb ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı qeyd etdi ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. İlham Əliyev bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. "Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir", - deyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün olmadığını, getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini söyləyib. Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi". Spiker qeyd edib ki, parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı: "Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi mütərəqqi qanunvericilik aktları bu dövlətin səmərəli fəaliyyətinə şərait yaradıb. Şərq aləmində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində kişilər və qadınlara bərabər seçki hüququ təsbit edilib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi qüvvələr və cərəyanlar, müxtəlif millətlərin nümayəndələri bu qanunvericilik orqanında təmsil olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlət qurmağa qadirdir".
Təntənəli iclasda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım deyib ki, mən qarşınızıda xitab edərkən, özümü Azərbaycan Milli Məclisinin üzvü kimi hiss edirəm: "Mən Türkiyə parlamentində İzmiri təmsil edirəm, eyni zamanda, İzmirlə Bakı 1985-ci ildən qardaşlaşmış şəhərlərdir. Mən arazımızdakı qardaşlıq hüququna dayanaraq, özümü həm də bakılı sayıram". Onun bu sözləri millət vəkilləri tərəfindən böyük alqışlarla qarşılanıb. Yıldırım sonra çıxışında Xalq şairi Sabir Rüstəmxanlının vətənə həsr etdiyi şeirindən bir bəndi söyləib. O, çıxışında Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun tarixindən qısaca bəhs edərək deyib ki, Azərbaycanın bugünkü inkişafında MM-in də rolu danılmazdır: "Azərbaycan tarixində ikinci dəfə-1991-ci ildə öz siyasi istiqlaliyyətinə qovuşduqdan sonra böyük bir inkişaf və iqtisadi yüksəliş gerçəkləşdirib. Bakının küçələrində gəzərkən bu fərqi görmək mümkündür". TBMM-in sədri çıxışı zamanı dövlət başçısı- mərhum Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi inkişafın Cənubi Qafqazlarda sülhə və inkişafa böyük təsir göstərdiyini də xüsusilə vurğulayıb: "Türkiyə tarixin hər dönəmində Azərbaycanın yanında olub, öz milli mücadiləsini verdiyi illər də daxil olmaqla, Aərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib. Zaman-zaman bir-birimizdən uzaq düşsək də, bağlarımız, əlaqələrimiz heç qopmadı".
Alim