Paşinyan müharibəyə hazırlaşır - ŞƏRH

Mübariz Əhmədoğlu: “Azərbaycan tərəfinin verəcəyi cavabı zərrə qədər şübhə altına almaq lazım deyil”

Mübariz Əhmədoğlu: "Azərbaycan tərəfinin verəcəyi cavabı zərrə qədər şübhə altına almaq lazım deyil"

Ermənistan hakimiyyəti cəbhə xəttində vəziyyəti mümkün qədər gərginləşdirməyə, Qarabağda hərbi əməliyyatların başlamasına rəvac verən addımlar atmaqdadır. Hər halda son vaxtlar erməni təxribat qruplarının cəbhə xəttində fəallığının artması və təkcə Silahlı Qüvvələrimiz deyil, eləcə də yaşayış məntəqələrimiz, düşmənlə sərhəddə yerləşən kəndlərimizin atəşə tutulması, mülki əhalinin hədəfə alınması belə deməyə əsas verir. Baxmayaraq ki, düşmən bütün bu qeyri-qanuni və aqressiv  hərəkətlərinə görə, öz layiqli cavabını alır və itki verərək geri çəkilir, ancaq yenə də təxribatçı hərəkətlərini davam etdirir.

Cəbhə xəttində gərginliyin yaradılması təşəbbüsünün isə birbaşa inqilabçı baş nazir Nikol Paşinyandan gəldiyi istisna edilmir. Çünki Paşinyan hazırda çıxılmaz vəziyyətdədir. Hakimiyyəti zəbt etdiyi dönəmdə xalqa verdiyi vədlərin heç birinə əməl edə bilməyən baş nazir bu azmış kimi Ermənistanın beynəlxalq imicinə də güclü zərbə vurub. Öz sərsəm açıqlamalar və bəyanatları, beynəlxalq hüquq və prinsiplərə ziddiyyət təşkil edən fikirləri ilə Ermənistan dövləti və hakimiyyəti barədə mənfi imic formalaşdırıb. Təbii ki, bütün bunların hamısını da sadə erməni xalqı aydın görür. Eyni zamanda Paşinyana olan inamı və etibarı azalır. Bütün bunları konpensasiya etmək və mövcud siyasi atmosferi öz xeyrinə dəyişmək məqsədilə isə Paşinyan çıxış yolu kimi Qarabağ cəbhəsində gərginliyi artırmaq və hərbi əməliyyatlara başlamağı görür. İnqilabçı baş nazir düşünür ki, Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə sadə erməni xalqının əsas diqqəti sosial və siyasi problemlərdən uzaqlaşıb Qarabağ cəbhəsinə yönələcək. Qısa müddətli hərbi əməliyyatlarda isə onlarla erməni əsgərinin ölməsi Paşinyanın heç vecinə də deyil. Onun üçün əsas hakimiyyəti əldə saxlamaqdır. İnqilabçı dəqiq bilir ki, Qarabağda müharibə başlayacağı təqdirdə vasitəçi dövlətlər dərhal hərəkətə keçib cəbhədə atəşkəsə əməl olunması çağırışı edəcəklər və bununla da proseslər Paşinyanın xeyirnə dəyişəcək. Ancaq sərsəm baş nazir onu unudur ki, bu dəfə hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycan Ordusunun hücum əməliyyatını heç bir qüvvə dayandıra bilməyəcək. Çünki 2016-cı ilin Aprel hadisələri bir daha sübut etdi ki, Ermənistan hakimiyyətinə heç bir güzəşt limiti vermək lazım deyil.

Elə siyasi ekspertlər də Ermənistan hakimiyyətinin son vaxtlar nümayiş etdirdiyi aqressivliyin Qarabağda növbəti hərbi əməliyyatlara yol açacağı qənaətindədirlər. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər. Onun sözlərinə görə, Nikol Paşinyan qısa müddət ərzində artıq 5-ci dəfə Dağlıq Qarabağa səfər etdi. Politoloq hesab edir ki, sonuncu qəfil səfəri fövqəladə əhəmiyyət daşıyırdı: "Nikol Paşinyan Birləşmiş Ştatlara getməyi, Ağ Ev rəhbəri Donald Trampla görüşü də arzulayırdı və BMT Baş Assambleyasında çıxışı da planlaşdırılmışdı. BMT Baş Assambleyasında ilk 3 gün ən vacib hesab olunur. Nikol Paşinyan bu dövrdə Amerikada olmamasını Yerevan şəhərindəki mer seçkilərində iştirakı ilə əlaqələndirdi. Nikol Paşinyanın ssenarisinə görə sentyabrın 23-ü səhər səsini verib, sonradan ABŞ-a yola düşəcək. Artıq bu zaman o Birləşmiş Ştatlar prezidenti Donald Trampın keçirdiyi rəsmi qəbulda da iştirak etməyəcək. Nikol Paşinyan bəlkə də Trampın keçirdiyi ziyafətə dəvət almayıb, bu çox ehtimallıdır. Nikol Paşinyan Birləşmiş Ştatların Ermənistanda illər boyu qurduğu siyasətinə dağıdıcı zərbə vurdu. Ona görə Paşinyanın Birləşmiş Ştatlarda olarkən ciddi ABŞ rəsmisi ilə görüşməsi və ya ciddi tədbirlərə dəvət alması çox az ehtimallıdır. Bunu bilərəkdən Paşinyan özünü elə göstərir ki, Yerevan seçkisi onun üçün daha vacibdir. Paşinyanın bu versiyasını biz ciddi qəbul etmirik". Mərkəz rəhbərinin sözlərinə görə,  əgər Nikol Paşinyan Birləşmiş Ştatlara səfərdən imtina edibsə, Dağlıq Qarabağa səfər edirsə demək bu da Yerevan şəhər merliyinə seçkilərdə ciddi problemlə bağlıdır: "Nikol Paşinyanın dəstəklədiyi namizədi əhalinin cəmi 22 faizi dəstəkləyir. 3 ay bundan qabaq Paşinyanın reytinqi 100 faiz idi. 2,5 ay bundan qabaq 94 faiz, təxminən bir ay bundan qabaq 40 faiz, indi isə artıq 22 faizdir. Nikol Paşinyanın kifayət qədər sürətlə gerilədiyini görməmək mümkün deyil. Paşinyan bu dövr ərzində həmişə özünün yalançı vətənpərvərlik şüarlarından istifadə edib, Dağlıq Qarabağ məsələsi ilə ciddi məşğul olan şəxs kimi göstərib. Amma onun verdiyi ziddiyyətli bəyanatlar heç kəsə sirr deyil. Nikol Paşinyan BMT Baş Assambleyasının növbəti sessiyasının açıldığı gün ABŞ-da olmaq əvəzinə ayın 18-də Dağlıq Qarabağa gəldi və ön xətdə oldu, hərbi hissələrdə görüş keçirdi. FB-də keçirdiyi canlı yayımda o müharibəyə hazır olduqlarını xüsusi vurğuladı. Diqqət çəkən məqam da burasındadır ki, Paşinyan Azərbaycan tərəfindən olunan hücumu dəf etməkdən danışmır, Paşinyan müharibədən danışır. Deməli Nikol Paşinyan Azərbaycan tərəfinə hücuma keçməyə hazırlaşır". Mübariz Əhmədoğlu onu da deyib ki, Azərbaycan tərəfinin verəcəyi cavabı zərrə qədər şübhə altına almaq lazım deyil: "2016-cı il aprel ayında da indiki müdafiə naziri David Tonoyan təxribata başladı və cavabı da nəticəsi də hamıya bəllidir. İndi də Nikol Paşinyan eyni həmin yolu gedir və nə cavab alacağı da əvvəlcədən bəllidir".

Süleyman

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31