İlham Əliyevdən Ermənistanın baş nazirinə sərt ismarıc

Prezident: “Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir” Erməni xalqına yalan vədlər verərək hakimiyyəti qəsb etmiş Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. Verdiyi vədləri yerinə yetirə bilməyən baş nazir artıq siyasi qüvvələr tərəfindən dalana dirənib.

Prezident: "Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir"

Erməni xalqına yalan vədlər verərək hakimiyyəti qəsb etmiş Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. Verdiyi vədləri yerinə yetirə bilməyən baş nazir artıq siyasi qüvvələr tərəfindən dalana dirənib. Elə bu səbədən də sələflərinin ənənəsinə sadiq qalaraq çıxış yolunu Azərbaycana qarşı əsassız iddialar irəli sürməkdə, baş verənlərə görə Azərbaycan hakimiyyətini ittiham etməkdə görür. Ancaq məsələ orasındadır ki, artıq nə erməni xalqını, nə də beynəlxalq ictimaiyyəti aldatmaq mümkün deyil, çünki hər iki tərəf dəfələrlə Ermənistan iqtidarının yalanlarının şahidi olub. Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində erməni yalanları dəfələrlə ifşa edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri beynəlxalq aləmə çatdırlıb. Etiraf edilməlidir ki, belə bir siyasətin həyata keçirilməsində Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Dövlət başçısı istənilən xarici səfərlərində ən ali kürsüdən erməni yalanlarını ifşa edərək, münaqişənin mahiyyətini və Ermənistan tərəfinin qeyri-konstruktiv möbqe sərgiləməsini detallarla ortaya qoyub. Prezident İlham Əliyevin Biləsuvar rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər dediklərimiz bir daha sübut etmiş olur. Belə ki, dövlət başçısı deyib ki, Ermənistan indi çox ağır vəziyyətədir. Ermənistan  ordusu Azərbaycan ordusu ilə  rəqabət apara bilməz. 

Məlumat üçün qeyd edək ki, Ermənistanın ümumiyyətlə yer almadığı reytinq siyahısına görə, Azərbaycan ordusu 106 ölkə arasında 50-ci yerə sahiblənib. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Sirr deyil ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləyib və xərcləməkdə davam edir. Ümumiyyətlə, ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Azərbaycan Ordusunun qüdrətini göstərən məqamlardan biri də vaxtaşırı olaraq keçirilən hərbi paradlardır. Elə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad da dediklərimizi bir daha sübut etmiş oldu. Çünki bu paradda ordumuzun gücü bütün parametriləri üzrə çox yüksək səviyyədə təqdim edildi. Bəlli oldu ki, Azərbaycan ildən-ilə hərbi sahədə qüvvətlənir, Ordumuzun döyüş qabiliyyəti artmaqla bərabər, həm də onun texniki təchizatında uğurlara imza atılır. Azərbaycanın istehsal etmiş olduğu müdafiə xarakterli silahlar, beynəlxalq səviyyədə tanınmış  şirkətlərdən almış olduğumuz hərbi texnikalar ölkəmizin güclü bir dövlət olduğuna diqqət çəkir.

Çox təəssüf ki, Azərbaycanın inkişaf səviyyəsini, ordusunun gücünü dərk etməyən, əslində isə bunu qəbul etmək istəməyən Ermənistan hakimiyyəti cəfəng bəyənatlarla xalqı aldatmaqda davam edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir. Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Paşinyan cəfəng fikirləri ilə danışıqlar prosesini əngəlləyir. Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllində maraqlı olmadığını deyən deputat söyləyib ki, onun Moskva səfərindən sonra söylədikləri bəyanatlar bunu bir daha təsdiq etmiş oldu: "Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. O bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin effektini azaltmağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir". Deputatın sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağla bağlı absurd fikirlər irəli sürməsi onun siyasətdən nə qədər uzaq olduğunu göstərir: "Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi isə cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. Qarabağ tarixi torpağımızdır. Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Hələ ki, sülh danışıqlarına üstünlük verilir. Əgər Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31