Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir
Ziyad Səmədzadə: “Ölkəmizin iqtisadi qüdrətinin artması xalqımızın xoşbəxt gələcəyinin əsaslarını möhkəmləndirir”
19 Sentyabr 2018 13:28 SiyasətZiyad Səmədzadə: "Ölkəmizin iqtisadi qüdrətinin artması xalqımızın xoşbəxt gələcəyinin əsaslarını möhkəmləndirir"
Sovetlər Birliyinin süquta uğraması və yeni müstəqil dövlətlərin yaranması, o cümlədən, tarixdə ikinci müstəqilliyini qazanması ilə keçmiş ittifaq respublikalarından biri kimi Azərbaycan çox ağrılı proseslər yaşamasına baxmayaraq, bir sıra vacib və önəmli layihələrin ortaya qoyularaq, onların reallaşdırılmasına start verdi. Bunlardan biri də heç şübhəsiz ki, tarixi, qədim və böyük "İpək Yolu"nun bərpası istiqamətində atılan addımlar idi. Artıq fəxrlə qeyd etmək olar ki, Azərbaycan çətin mərhələlərdən keçərək, öz hədəflərinə əksəriyyət etibarı ilə çata bilib, o cümlədən, "İpək Yolu" layihəsi ilə də bağlı önəmli nəticələrə nail olunub. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd edib ki, düz 20 il öncə, 1998-ci il sentyabrında Bakı şəhərində "İpək Yolu" layihəsi ilə bağlı Azərbaycanın ev sahibliyi etdiyi geniş və yüksək səviyyəli beynəlxalq konfrans keçirildi. Belə bir yüksək səviyyəli toplantının baş tutmasında da heç şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri müstəsnadır. Eyni zamanda, həmin tədbir Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə məzmunlu, gələcəyə hesablanmış giriş və yekun çıxışları ilə yaddaşlarda qalıb. Konfrans müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına xidmət edən, Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi: "Tarixə nəzər salarkən Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəlxalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan xalqının, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini, inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə tanınmasını nümayiş etdirir. Bu bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Bu, böyük tarixi hadisədir. Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır və bununla hər bir adam fəxr edə bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır. Biz müstəqil dövlət kimi Bakı sammitində 32 dövlətin və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə nümayəndə heyətlərini qəbul etdik və dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın - tarixi İpək Yolunun bərpası proqramının əsasını qoyuldu".
Millət vəkili bildirib ki, bu gün artıq bizləri Bakı konfransı və ona həsr olunmuş müşavirədən 20 il ayırır. Bu illər Azərbaycanın inkişaf, quruculuq, çiçəklənmə, tərəqqi illəri olub. Düzdür, 1991-93 və 1994-95-ci illərdə, müstəqilliyimizin ilk illərində böyük gərginliklər, böyük sıxıntılar yaşansa da, ondan sonrakı illərdə Azərbaycanda əsl inkişaf, intibah mərhələsi yaşanmağa başlandı. Azərbaycan nəinki bölgənin, dünyanının lider dövlətlərindən birinə çevrildi. Ölkəmiz dünyanın milli və dini tolerantlıq mərkəzi kimi dünyaya səs saldı. Bu gün dünyada milli və dini tolarentlıq məsələsi ilə bağlı Azərbaycan modeli mövcuddur. Bu illər ərzində Azərbaycan siyasi, iqtisadi, mədəni, humanitar və hərbi dialoq məkanına, mərkəzinə çevrildi. Ölkəmiz Birinci Avropa Oyunlarına, "Eurovizion" mahnı yarışmasına, dördüncü İslamiadaya uğurlu evsahibliyi etdi. Həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq 10 ildir ki, Azərbaycanda uğurla keçirilməkdədir. Bakı Humanitar Forumları artıq beynəlxaql statuslu tədbirlər sırasında yer almaqdadır. Ordumuzun gücü, hərbi qüdrəti artmaqdadır. Buna misal kimi 2016-cı ilin məlum Aprel döyüşlərini, bu ilin yayında reallaşdırılan Cünnüt əməliyyatını və son dərəcədə möhtəşəm 26 iyun Hərbi Paradını qeyd etmək olar. Bununla yanaşı, bir daha bu sıraya TANAP-ın, Cənub Qaz Dəhlizinin tarixi açılış mərasimlərini, ölkə başçısının yeni prezidentliyi dönəmində, cəmi bir neçə ay ərzində Böyük Britaniyaya, Fransaya, Rusiyaya, Türkiyəyə, Xorvatiyaya tarixi səfərlərini, bu səfərlərdə imzalanan önəmli sazişləri, Brüssel zəfərini, Avropa İttifaqı ilə imzalanması gözlənilən əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı növbəti mühüm sənədə imza atılmasını, möhtəşəm və unudulmayacaq 15 sentyabr paradını daxil etmək olar. Bununla yanaşı, türk dövlətlərinin inteqrasiya yönündə mühüm addımlardan biri kimi ortaya qoyulan formatı-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə toplantılarını, Azərbaycanın bu prosesə verdiyi töhfələri qeyd etmək yerinə düşərdi. Qeyd edək ki, bu günlərdə bu təşkilatın növbəti-6-cı Zirvə toplantısı qardaş və dost Qırğız respublikasında keçirildi. Zirvə toplantısının keçirildiyi məkan isə tək qırğız xalqının, qırğız türklərinin deyil, bütün Türk dünyasının sevimlisi, fəxri olan böyük şəxsiyyət, böyük yazıçı və görkəmli diplomat Çingiz Aytmatovun adını daşıyan mərkəz - Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzi oldu. Bunun özü də elə bilirəm ki, TDƏŞ-in Zirvə toplantılarına rəng qatacaq, gözəllik verəcək tarixi məqamlardan biridir. Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız respublikasının prezidenti Sooronbay Jeenbekov da çıxışıda bir sıra məqamları dilə gətirərək, bildirdi ki, onlar bütün səylərini "Müasir İpək Yolu" layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırdırlar. O, xatırlatdı ki, bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir, Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında "Müasir İpək Yolu - Orta Dəhliz" kimi tanınan layihədən bəhs etdi və bildirdi ki, bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. "Beləliklə, Qərbi Avropadan çıxan bir qatar dayanmadan Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və Seula çata biləcək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah səviyyəsinin artmasına və münasibətlərimizin inkişafına töhfə verəcək.Enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm veririk. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmli bəhrələridir. Cənub Qaz Dəhlizinin bel sütunu olan TANAP-ı da iyun ayında işə saldıq. Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın imzalanmasından duyduğumuz məmnunluğu burada xüsusi bildirmək istəyirəm..."-deyə, qardaş Türkiyənin lideri sözlərinə əlavə etdi. Azərbaycan prezidenti cənab İlham Əliev isə çıxışında bildirdi ki, Azərbaycan qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarını təmin edir, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradır. Dövlət başçımız "Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir". Bir sözlə, ötən bu illər ərzində Azərbaycan dövləti təkcə İpək yolu ilə bağlı deyil, digər vacib məsələlərlə bağlı da qarşıya qoyulmuş bütün hədəflərə bir-bir ardıcılıqla nail oldu. Nələr hədəflənmişdisə, onlar bir-bir reallığa çevrilir. Odur ki, tam fəxr və qürur hissi ilə demək olar ki, Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdə, Heydər Əliyev Yolunun davamçısı, müdrik dövlət rəhbəri İlham Əliyev cənablarındadır. Müstqil Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun artması xalqımızın xoşbəxt gələcəyinin əsaslarını möhkəmləndirir".
Alim