Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Quba Rayon Məhkəməsinin müasir binası və informasiya texnologiyalarının tətbiqi ilə tanış olublar. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, nümayəndə heyəti, həmçinin Quba Soyqırımı Memorial Kompleksinə gələrək 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, 100 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yandırılaraq yerlə-yeksan edilib.

Soyqırımı aktlarına dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi-hüquqi qiymət verilib, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalanaraq erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu mənada Quba Soyqırımı Memorial Kompleksi ermənilərin təcavüzkar siyasətinin və soyqırımı hadisələrinin ifşa olunmasına, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Qonaqlar Kompleksdə ermənilər tərəfindən törədilmiş bu kütləvi qətliama dair tarixi faktları əks etdirən ekspozisiyalara baxıblar. Latviyanın ədliyyə naziri azərbaycanlılara qarşı soyqırımı hadisələrindən çox təsirləndiyini vurğulayıb, faciə ilə bağlı həqiqətlərin dünyada geniş yayılmasının əhəmiyyətini qeyd edib. Nazir D.Rasnaçs faciə qurbanlarının əziz xatirəsinə ehtiramını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31