Eldar İbrahimov: “Prezidentin oğlunun hərbi xidmətə getməsi bir nümunədir”
18 Sentyabr 2018 11:01 Siyasət"Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin əsgəri xidmətə getməsi bir örnəkdir, xalqımız üçün bir nümunədir. Buna görə də ölkə başçısının övladının bu cür nümunəvi hərəkəti hamı tərəfindən alqışlanır və yüksək qiymətləndirilir. Prezidentin oğlunun hərbi xidmətə getməsi hamı, o cümlədən bütün məmur övladları üçün nümunəvi addımdır".
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib.
E.İbrahimov qeyd edib ki, Prezident İlham Əliyevin övladının hamı kimi hərbi xidmətə getməsi əvvəlcədən gözlənilən addım idi: "Bütün Azərbaycan övladları kimi, Heydər Əliyev də Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Misal var ki, igid oğul ataya, babaya bənzər. Heydər Əliyevin əsgər getməsi də bunun bariz nümunəsidir. Bu başqa cür də ola bilməzdi. Çünki Heydər Əliyev cənab İlham Əliyev kimi bir valideyndən tərbiyə alıb. O, ulu öndər Heydər Əliyevin nəvəsidir. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissəsində xidmət etməsi də təsadüfi deyil. Çünki o da babası ulu öndər Heydər Əliyev yolunun davamçısıdır. Yəni, Heydər Əliyev babasının getdiyi yolla gedir. Bu isə çox vacib amildir. İnanıram ki, Heydər Əliyev nümunəvi əsgər kimi hərbi xidməti başa vurub geri qayıdacaq".
YAP İdarə Heyətinin üzvü əlavə edib ki, Azərbaycanda hamı kimi, məmur övladları da hərbi xidmətə gedirlər: "Bəzi adamlar bu barədə ağızına gələni danışır. Ancaq bütün bunlar cəfəngiyyatdır. Azərbaycanda məmur övladları da hamı kimi əsgər gedirlər. Burada başqa cür ola da bilməz".
SİA