"Ermənistan nə qədər ki, Qarabağ məsələsini həll etməyib belə acınacaqlı vəziyyətdə yaşayacaqdır” - Partiya sədri

"Ümumiyyətlə Paşinyan siyasətçidən daha çox küçə teatrı artistinə oxşayır. Mən hələ indiyədək Paşinyandan normal siyasi fikir eşitməmişəm. Onun Azərbaycan Prezidenti cənab İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı verdiyi cəfəng bəyanatı da həmin ssenaridən olan bir açıqlamadır. Əvvəla o kimdir ki, Azərbaycanın daxili işlərinə qarışsın və bizim Prezidentimizin övladının hərbi xidmətə getməsi məsələsinə münasibət bildirsin".

Bunu  "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədri bildirib ki, Paşinyanın oğlu cəbhə bölgəsində də deyil: "Onun oğlu sadəcə olaraq məişət işləri ilə məşğuldur. Arxa cəbhədə gün keçirmək, kef çəkməklə məşğuldur. Amma hər kəs çox gözəl bilir ki, Azərbaycan demokratik və şəffaf bir dövlətdir. Bizim Prezidentimizin övladı xüsusi təyinatlı bölmədə xidmət edir. Hər kəs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsinin döyüş hazırlığını televiziyadan seyr etdi. Bunlar tamam başqa bir şeylərdir. Yəni Paşinyanın ölkə başçımız haqqında söz deməsinə heç bir haqqı yoxdur.

Hesab edirəm ki, Paşinyanın dediklərinə heç münasibət bildirməyə dəyməz. O sadəcə olaraq bu gün Rusiyaya quyruğ bulamağla, eləcə də arxa planda Qərblə münasibətlər qurmaqla məşğuldur. Çünki Paşinyan çox gözəl başa düşür ki, bu gün Ermənistanda parlament seçkiləri keçiriləcək və həmin seçkilərdə qalib gəlmək lazımdır. Ona görə də o özünə sponsorlar axtarmaq və pul dilənməklə məşğuldur. Onun açıq aydın bir proqramı, konsepsiyası yoxdur ki, Ermənistanı bu böhranlı vəziyyətdən çıxarsın. Ermənistanı bu böhranlı vəziyyətdən çıxarmağın başlıca yolu Qarabağ məsələsinin həllindən keçir. Ermənistan nə qədər ki, Qarabağ məsələsini həll etməyib belə acınacaqlı vəziyyətdə yaşayacaqdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31