“Azərbaycan-Türkiyə birliyi bütün sahələrdə özünü büruzə verir”

İlham Əliyev:  "Türkiyə  nə qədər güclü olacaqsa Azərbaycan da bir o qədər güclü olacaq"

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarından bir daha aydın oldu ki, bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də mühüm tərəfdaşıdır. Məhz bu səbəbdəndir ki, iki dövlət arasındakı münasibət ən yüksək səviyyədədir, çünki Azərbaycan-Türkiyə  strateji tərəfdaş ölkələrdir. Millət vəkili Qənirə Paşayeva deyib ki, 15 sentyabr 2018-ci il tarixində möhtəşəm bir gün oldu, möhtəşəm bir gün yaşandı. Çox duyğulu anlar yaşadıq. Sözlə ifadəsi mümkünsüz qədər gözəl və duyğulu anlar. O, qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə Bakıda bütün dünyaya önəmli mesajlar verdi: "Cənab Prezidentimiz və qardaş Türkiyəmizin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın möhtəşəm çıxışını bütün gənclərimizi,Türk gəncliyini dinləməyə çağırırıq. Nur içində yatsın, Cümhuriyyət qurucularımız, Nuru Paşa başqanlığında Azərbaycana dəstəyə gələn Türk Qafqaz İslam Ordusunun qəhrəmanları.Bu hadisə, bu anlar uzun illər hafizələrdən, yaddaşlardan silinməyəcək". Milli Məclisin (MM) Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Jalə Əliyeva da həm Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradın keçirilməsinin, həm də Azərbaycan və Türkiyə liderlərinin paradda  birgə iştiraklarının və onların çıxışlarının çox möhtəşəm tarixi-siyasi hadisə olduğunu bildirib: "Düz 100 il öncə, 1918-ci ilin 15 sentyabrında Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Bakımızı işğaldan azad etməklə Azərbaycan-Türkiyə münasibətlərində yeni tarix yazmış oldu. Elə bir tarix ki, onu oxuduqca, onu öyrəndikcə bitirmək olmur. Başdan-ayağa fəxr, qürür, şərəf tarixidir. Düz 100 il sonra, 2018-ci ilin 15 sentyabrında isə daha bir tarix yazıldı. Bu tarixi də iki qardaş ölkənin müdrik dövlət rəhbərləri-Azərbaycan prezidenti cənab İlham Əliyev və qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan birgə yazdı. Onlar Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradda yan-yana, çiyin-çiyinə dayanmaqla, bir-birinə dəstək olmaqla, bu tarixi birlikdə yazdılar və bu tarix hələ uzun illər öyrəniləcək, istinad, araşdırma mənbəyinə çevriləcək. Hər iki lider dünyaya, bizi sevənlərə də, bizi sevməyənlərə də bir daha mesaj vermiş oldular ki, Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, konkret əməldədir və heç kim də bu əməl, fikir birliyinin, qardaşlığının qarşısında əngəl ola bilməyəcək". Millət vəkili hesab edir ki, 15 sentyabr Azərbaycan xalqının tarixində, taleyində ən əlamətdar, ən unudulmaz günlərdəndir, ən parlaq səhifələrdəndir.1918-ci ilin məhz  bu günündə-15 sentyabr tarixində Bakımız Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi, öz azadlığına qovuşdu. Bu əlamətdar, bu şərəfli hadisədən isə nə az-nə çox, düz 100 il ötür. Eyni zamanda, çox əlamətdar və çox sevindirici haldır ki, Bakımızın işğaldan azad edilməsinin 100-cü ildönümü qardaş və dost Türkiyəylə birgə qeyd olundu: ""Azadlıq" meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm və təntənəli paradda Azərbaycan prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak və çıxış etdi. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin daha bir göstəricisi oldu. Bu, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlğının dünyaya daha bir nümayiş oldu". Millət vəkili Eldəniz Səlimov deyib ki, belə bir möhtəşəm paradın keçirilməsi və bu paradda Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı qürurvericidir: "Bu parad xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək". Millət vəkili həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mərhum dövlət başçısı, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin müstəsna rolu olduğunu xatırladıb: "Bir millət, iki dövlət" kəlamı bu gün dövlətlərimizin başçılarının timsalında daha da güclənib. Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Bakının işğaldan azad olunması uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, iki ölkə arasında qardaşlıq bağları daha da möhkəmlənərək, siyasi, iqtisadi və hərbi əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir".  Dövlət başçılarının paradda çıxışlarına toxunan millət vəkili həm İ. Əliyevin, həm də R. Tayyib Ərdoğanın çox önəmli fikirlər səsləndirdiklərini, əhəmiyyətli mesajlar verdiklərini sözlərinə əlavə edib: "Cənab Ərdoğan çıxşında bildirdi ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfü deyil, bu, qan qardaşlığımızın təbii nəticəsidir. O, eyni zamanda qeyd etdi ki,  Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əllərindən gələn hər cür dəstəyi göstərdilər və göstərməyə də davam edəcəklər. Həmçinin, vurğuladı ki,  bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. "Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə 125 mindən çox azərbaycanlı təhsil alıb. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı var..."-deyən qardaş dövlətin lideri Qarabağ məsələsinin də Türkiyə üçün eyni dərəcədə ağrılı məsələ olduğunu və bu baxımdan, münaqişənin həllində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ölkəmizə dəstəklərini bundan sonra da əsirgəməyəcəklərini açıq şəkildə bəyan etdi. Bu, əsl qardaşlıq, əsl dostluq münasibətidir. Eyni zamanda, dövlət başçımız da çıxışında Bakının azad edilməsinin tarixi hadisə olduğunu və qədirbilən Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacağını bildirdi. Bununla yanaşı, möhtərəm prezidentimiz çıxışında bəyan etdi ki, Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq. "Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən "Azadlıq" meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim"-deyən dövlət başçımız  onu da vurğuladı ki, bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. Elə hesab edirəm ki, Türkiyə-Azərbaycan qardaşlığını, Türkiyə-Azərbaycan münasibətlərinin mövcud səviyyəsini bundan gözəl, bundan dəqiq ifadə etmək mümkün deyil. Bu, iki dost və qardaş dövlətlər arasındakı münasibətlərə verilmiş ən dəqiq və ən dəyərli qiymətdir. Odur ki, kimsənin, dünyadakı heç bir gücün və qüvvənin Azərbaycan-Türkiyə münasibətlərini, Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmağa gücü, qüvvəsi, qüdrəti yetə bilməz və yetməyəcək. Bu yöndəki cəhdlər hər zaman uğursuzluğa məhkum olacaq. Bugünkü parad və orada səslənmiş mesajlar da bunun daha bir təsdiqidir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31