TÜRKPA-nın komissiya iclasında nələr müzakirə olunub?
14 Sentyabr 2018 13:19 SiyasətSentyabrın 14-də TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası Qırğızıstan Respublikasının Joqorku Keneşinin ev sahibliyində keçirilib. İclasın gündəliyinin əsas mövzusu "Geni dəyişdirilmiş orqanizmlərin yayılmasının təsirləri" olub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər iştirak edib. Toplantıya TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov sədrlik edib. Əhliman Əmiraslanov açılış nitqində iclasın iştirakçılarına təmsil edilən ölkələrdəki vəziyyət və görülən işlər haqqında məlumatın verildiyi Geni dəyişdirilmiş orqanizmlər: Qanunvericilik və Təcrübə adlı seminarın əhəmiyyətini vurğulayıb. Daha sonra o qeyd edib ki, TÜRKPA üzv ölkələri florasının zənginliyi ilə fərqlənir və bir çox kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları bu ölkələrdə bitir: "Buna görə də, qanunvericilik sistemimizi yaxşılaşdırmaqla, bu zəngin bioloji müxtəlifliyi qoruyub saxlamaq və elmin əldə etdikləri nailiyyətlərdən minimum risklə faydalanmaq lazımdır. Bu baxımdan, Komissiya üçün bu mövzuda iclasın keçirilməsi, hazırkı vəziyyətin araşdırılması, qanunvericilikdə mövcud olan boşluqların təhlil edilməsi və üzv ölkələr arasında müsbət təcrübənin yayılması vacibdir".
TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Recep Şeker iclasın əsas hesabat məruzəsi layihəsini təqdim edib. Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi Emin Həsənov cari ilin 16 aprel tarixində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində İstanbulda keçirilmiş "Geni Dəyişdirilmiş Orqanizmlər və Tullantıların İdarə Olunması: Qanunvericilik və Təcrübə" seminarlarının yekun hesabat layihələrini təqdim edib. Parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün üzv ölkələrdə olan potensialı müzakirə edib. Və arzuolunmaz nəticələrdən yan keçmək üçün bütün bu məsələlərin nəzarət altında həyata keçirilməli olduğunu vurğulayıb. Komissiya Türkiyədə keçirilməsi nəzərdə tutulan TÜRKPA-nın 8-ci Plenar İclasına təqdim edilməsi üçün məsələ ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını, eləcə də İstanbulda keçirilmiş seminarların yekun hesabat layihələrini təsdiq edib. Komissiyanın növbəti, beşinci iclasının Türkiyə Respublikasında keçirilməsi nəzərdə tutulub.