Azay Quliyev Daşkənddə ATƏT PA ilə Özbəkistan Parlamenti arasında əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev cari ilin 10-13 sentyabr tarixlərində  Özbəkistanda  səfərdə olub.  

Səfərin əsas məqsədi Özbəkistanın  paytaxtı Daşkənd şəhərində BMT-nin xətti ilə keçirilən "Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu" mövzusunda konfransda iştirak etmək olub. 

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyindən verilən məlumata görə səfər çərçivəsində Azay Quliyev ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Özbəkistan parlamentinin sədr müavini Sərvər Otamuradovla  görüş keçirib. Görüşdə Özbəkistanın ATƏT PA-dakı hazırkı hüquqi statusu, mövcud problemlər və assambleya ilə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

Görüşdə hər iki ölkənin Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.  Azərbaycan Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Azərbaycan Milli Məclisində Özbəkistanla dostluq qrupunun fəaliyyət göstərdiyini, Özbəkistan Ali Məclisində də Azərbaycanla Dostluq Qrupunun yaradılması təklifini irəli sürüb. Azay Quliyev Özbəkistanın türk dilli ölkələrinin əməkdaşlıq  platformalarına, xüsusilə TÜRK PA-ya qoşulacağına ümid etdiyini bildirib.

Hər iki təklif Özbəkistan parlamentinin rəhbərliyi  tərəfindən müsbət qarşılanıb.

Görüşdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31