“Azərbaycanla Rusiya arasında münasibətlər normaldır” - AÇIQLAMA
13 Sentyabr 2018 14:06 Siyasət"Azərbaycanla Rusiya arasında mövcud münasibətlər normaldır".
Bunu "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
Onun sözlərinə görə, ən azı, bu ölkə Prezidentlərinin il ərzində bir neçə dəfə görüşməsinin adət halını alması, bəzən prezidentlərin hər iki ölkənin strateji müttəfiq səviyyəsində olduğunu belə, çəkinmədən açıq vurğulaması, hər iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə eyni mövqedən çıxış etmələri və bir çox digər məsələlərdə birgə hərəkətləri hər iki ölkə arasında dostluq və mehriban qonşuluq mühitinin mövcudluğuna dəlalət edir. Lakin bu müsbət münasibətlərdən nə qədər çox bəhs etsək də, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin yaranmasında, torpaqlarımızın 20 faizinin işğal olunmasında, 1 milyondan çox əhalimizin qaçqın, köçkün vəziyyətinə düşməsində, Qarabağda baş vermiş bir çox faciələrin, o cümlədən XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciənin törədilməsində Rusiyanın hərbi qüvvələrinin iştirakını danmaq, inkar etmək mümkün deyil. Eyni zamanda, 30 ilə yaxın müddətdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə imkan verməyən, Dağlıq Qarabağda at oynadan erməni separatçılarına mütəmadi hərbi qüvvə və texnika ilə yardım göstərən, Ermənistanı özünün "forpost"u elan edən Rusiyanın prezidenti V.Putinin sentyabrın 25-də Azərbaycana edəcəyi növbəti, ənənəvi səfərindən, xüsusən Dağlıq Qarabağ və işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində hər hansı müsbət addım atılacağını gözləmirəm. Həmişə olduğu kimi, bu dəfəki səfər də daha çox Rusiyanın problemlərinin həll olunmasında Azərbaycanın imkanlarından istifadə ön planda olacaq".
SİA