Paşinyan Qarabağla bağlı aparılan danışıqlar prosesindən məlumatsızdır?

İşğalçı dövlət ATƏT-in Minsk qrupuna hörmətsizlik edir Rusiya səfərindən əliboş qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ problemi üzərində manipuliyasiya etmək qərarına gəlib. Elə bu səbəbdən də özünün belə təsəvvür edə bilməyəcəyi fikirlər səsləndirməyə başlayıb. Əslində Dağlıq Qarabağ məsələsindən sui-istifadə edərək hakimiyyətinin vaxtını uzatmaq işğalçı ölkə rəhbərlərinin ənənəvi fəaliyyət növlərindəndir.

İşğalçı dövlət ATƏT-in Minsk qrupuna hörmətsizlik edir

Rusiya səfərindən əliboş qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ problemi üzərində manipuliyasiya etmək qərarına gəlib. Elə bu səbəbdən də özünün belə təsəvvür edə bilməyəcəyi fikirlər səsləndirməyə başlayıb. Əslində Dağlıq Qarabağ məsələsindən sui-istifadə edərək hakimiyyətinin vaxtını uzatmaq işğalçı ölkə rəhbərlərinin ənənəvi fəaliyyət növlərindəndir. Ölkəyə demokratiya gətirə bilməyən, addımbaşı insan hüquqlarını pozan, vətəndaşları yoxsul vəziyyətə salan avtoritar dövlət başçılarından bundan artığını gözləməyə də dəyməz. Beləliklə, Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ məsələsi üzərində ənənəvi siyasi manipuliyasını davam etdirməkdədir. Məqsəd isə birdir- ölkə vətəndaşları qarşısında nüfuzunu qorumaq, beynəlxalq auditoriyanı aldatmaq. Əslində isə Paşinyanın atmacaları deməyə əsas verir ki, onun indiyə qədərki sülh haqqında iddiaları boğazdan yuxarı səslənmiş fikirlərdən başqa bir şey deyil. Daha doğrusu, onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Məsələ orasındadır ki, səriştəsiz, siyasi təcrübəsi sıfır olan şəxsdən bundan artığını gözləmək də sadəlövlük olardı. Odur ki, dövlət idarəçiliyi sahəsində naşı olan Nikol Paşinyanın "gah nala, gah da mıxa vurması" başa düşüləndir. O ki, qaldı müstəqillikdən əsər-əlaməti olmayan, hegemon dövlətin for-postu olan ölkə rəhbərinin hansısa kompromisə gedəcəyinə, bu haqda düşünmək özü-özünü aldatmaqdan başqa bir şey deyil. Məhz bu səbədən işğalçı ölkədə hakimiyyəti qəsb etmiş yeni baş nazir Nikol Paşinyan sözügedən ənənəyə sadiqlik nümayiş etdirməkdədir. Belə ki, yeni baş nazir indiyə qədər münaqişənin silh yolu ilə nizamasalınması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbədən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir.

Məsələn, Nikol Paşinyan iddia edir ki,  "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır". Amma münaqişənin mahiyyətinə varmadığı üçün anlamır ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur. Əgər, Ermənbistan geri çəkilsə, proseslərə müdaxilə etməsə, təbii ki, Azərbaycan Dağlıq Qarabağa nəzrəti bərpa edə, sosial-iqtisadi problemləri aradan qaldıra bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi deməyə əsas verir ki, Paşinyanın bu kimi iddiaları sadəcə danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Konkret olaraq işğalçı dövlətin təmsilçisi elə iddialarla çıxış edir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların bərpası qeyri-müəyyən müddətə təxirə salınsın. Əslində belə fikirlərin ortaya atılması Paşinyanın hakimiyyətini möhkəmlətmək üçün daha çox lazımdır. Təsadüfi deyil ki, Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə  iddialarının yeganə məqsədi danışıqlar prosesini məhv etməkdən ibarətdir. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistan Respublikasıdır". Hikmət Hacıyev bildirib ki, işğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanı təsbit edir: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz. N.Paşinyan tərəfindən Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə "dağlıq qarabağ xalqı" deyə müraciət etməsi tamamilə əsassızdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistan baş nazirə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirik. Bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət baş şəkildə Ermənistan baş nazirinin üzərinə düşür".

Birmənalı şəkildə qeyd etmək olar ki, Paşinyanın səsləndirdiyi fikirlər Dağlıq Qarabağla bağlı aparılan danışıqların mahiyyətinə daban-dabana ziddir. Əgər Paşinyanın Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdursa, nədən Ermənistanın Silahlı Qüvvələrinin əsas hissəsi bu ərazidə yerləşdirilib. Həmin hərbi hissələrdə Ermənistan vətəndaşları xidmət edir, üstəlik Paşinyanın oğlunun da Qarabağda xidmət edəcəyi dövlət rəsmilərinin dilindən açıq-aşkar səsləndirilir. Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən müdafiə olunursa, nədən Paşinyan yaxasını kənara çəkir? Əslində Ermənistan Dağlıq Qarabağda təkcə ordu yerləşdirməyib, separatçı rejimin idarə olunması, maliyyə təchizatı, büdcəsinin formalaşdırılmasını da öz üzərinə götürüb. Paşinyan yaxşı bilir ki, bu vaxta qədər aparılan danışıqlarda hətta vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu  Dağlıq Qarabağı tərəf kimi tanımayıb və bunun nə vaxtsa mümkün olacağı inandırıcı deyil. Belə bir şəraitdə reallaşdırılması mümkün olmayan iddianın ortaya atılması təbii ki, yeni nazirin hakimiyyətinin uzadılmasına hesablanıb. Ermənistan siyasi rəhbərliyini danışıqlardan yayınmaq məqsədliə gətirdiyi  primitiv arqumentlər əslində vasitəçilik missiyasını həyata keçirən qurumun da mövqeyinə hörmətsizlikdir. Üstəlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təqsdiqlənmiş formata açıq-aşkar etimadsızlıqdır. Paşinyan tərəfindən səsləndirilən fikirlər deməyə əsas verir ki, belə absurd fikirlər səsləndirməkdə məqsəd danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən varianta nail olmaqdır. Odur ki, paşinyana tövsiyyə olunur ki, bu vaxta qədər Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar prosesini nəzərdən keçirsin.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31