Separatizmi təbliğ edənlərin acı sonluğu
11 Sentyabr 2018 13:53 SiyasətYaxud Azərbaycana qarşı ermənilərlə bir cərgədə olan "azərbaycanlıların" puç olan niyyətləri
Uzun müddətdir ki, Azərbaycana qarşı milli, etnik düşmənçiliyi, separatizmi təbliğ edən separtçı Faxrəddin Abbaszadə rəsmi Bakının sorğusu əsasında həbs edilib. Fəxrəddin Abbaszadənin həbsi Azərbaycan cəmiyyəti tərəfindən nə qədər xoş qarşılansa da, ermənilər bu həbsdən bir o qədər narahat olmağa başlayıblar. Çünki adıçəkilən şəxs Azərbaycana qarşı mübarizədə erməni təbliğat maşınının əsas ruporlarından biri rolunu oynayırdı. Təsadüfi deyil ki, Fəxrəddin Abbaszadənin həbsi xəbəri yayılan andan etibarən Rusiyadakı erməni diasporu separatçı Abbaszadənin azadlığa buraxılması istiqamətində hərəkətə keçib.
Fəxrəddin Abbaszadənin həbsi cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən müsbət qarşılanıb və onun tezliklə ölkəmizə ekstradisiya olunacağı ümid edilib. Politoloq Məhəmməd Əsədullazadə də ümid etdiyini bildirib ki, separatçı Fəxrəddin Abbaszadənin ölkəmizə ekstradisiyası tez bir zamanda reallaşacaq və o, layiqli cəzasına məhkum olacaq: "Ümumiyyətlə ölkəmizə qarşı Ermənistan xüsusi xidmət orqanlarının təlimatı ilə hərəkət edən xaricdəki bu kimi şəxslərin həbsi və ölkəmizə gətirilməsi geosiyasi şərtlər müstəvisində mütləqdi. Qeyd edim ki, Yerevandan sonra Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində İnternet tv.açıb ölkəmizdə etnik və milli zəmində qarşıdurma yaratmağa cəhd edən Zabil Mədoş adında şəxsin də həbs edilərək gətirilməsi reallaşmalıdır. Həmçinin Hollandiyada olan separatçı, Ermənistan xüsusi xidmət orqanı ilə yaxından əməkdaşlıq edən Əlikram Hümbətov da İnterpola verilməli, həbs olunmalıdır". Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu gün ölkəmizin milli suverenliyinə, təhlükəsizliyinə, etnik düşmənçiliyi təbliğ edənlərə qarşı əməliyyatlar keçirilməli, dünyanın hansı bölgəsində olursa-olsun həmin şəxslər də həbs edilməlidir: "Ölkəmizdə multikulturalizm yüksək səviyyədədir. Günümüzdə Ermənistan Azərbaycana qarşı daim təxribatlara əl atır. Qeyd edim ki, Yerevan Dövlət Universitetinin Şərq xalqları kafedrası birbaşa ölkəmizdən xaricə gedən və iradəsi zəif olan bəzi şəxsləri öz kurasiyasına alır və onlardan Azərbaycana qarşı istifadə edir. Bu gün ölkəmiz öz etnik zənginliyi ilə rəngarəngdi. Bu gözəlliyə əl uzadanlar mütləq cəzalanmalıdır.
Fəxraddin Abbaszadə, Əlikram Hümbətov, Zabil Mədoş kimiləri bu gün Azərbaycan xalqına qarşı düşmənlə eyni səfi bölüşürlər. Azərbaycanın təhlükəsizlik orqanları, bu kimi şəxsləri həbs edib, ölkəmizə gətirməli, onlar məhkəməyə çıxarılıb həbs olunmalıdırlar".
Uzun illər Rusiyada diaspor fəaliyyəti ilə məşğul olmuş Toğrul Allahverdilinin qənaətincə, separatçı Fəxrəddin Abbasovun həbs olunması bir daha sübut etdi ki, bölücü siyasətlə məşğul olan, separatizmə yönəlik ideologiyanın təbliğatını aparmaq heç bir ədalətli dövlətlərin maraqında deyil: "Amma görünən o idi ki, Fəxrəddin Abbaszadə uzun illərdir separatçı fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan dövlətinə qarşı apardığı kampaniyasından əl çəkmirdi. Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan Ermənistanın hakim dairələri ilə birlikdə eyni kampaniyanın aparıcısı olan Fəxrəddin Abbaszadə dəfələrlə qanunsuz olaraq Ermənistana səfər edib və öz əqidədaşları ilə konfranslar, yığıncaqlar, tədbirlər təşkil edərək daşıyıcısı olduğu separatçı ideologiyanın geniş təbliğinə yol verib". Toğrul Allahverdili deyib ki, Fəxrəddin Abbaszadənin həbsi gözlənilən idi: "Çünki dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində Rusiya və Azərbaycan arasında güclü dostluq münasibətləri mövcuddur. Hansısa separatçıların iki dövlət arasında mövcud olan dostluq münasibətlərinin pozulmasına yönəlik addımlar atması təbii ki, yolverilməzdir. Bunun da qarşısı alınmalı idi və alındı. Bildiyiniz kimi, o, illərdir ki, Rusiyada yaşayır və yaşadığı dövlətdən vətəndaşlıq istəyirdi. Amma məsələnin ən yaxşı tərəflərindən biri də odur ki, Rusiya dövləti hansısa separatçıya vətəndaşlıq verib öz adına ləkə gətirə bilməzdi və belə də oldu. Təbii ki, Rusiya ona vətəndaşlığını vermədi. Rusiyada yaşayan vətəninə bağlı azərbaycanlılar çox gözəl bilir ki, Fəxrəddin Abbaszadə Rusiyadakı həmvətənlərimiz arasında separatçılığı, Azərbaycan əleyhinə kampaniyalar aparmağa dəfələrlə cəhd edib". Toğrul Allahverdilinin sözlərinə görə, Fəxrəddin Abbaszadənin tərəfdaşları da Azərbaycana düşmən kəsilən qüvvələrdir: "Sirr deyil ki, Fəxrəddin Abbaszadə dəfələrlə Ermənistana səfərlər edib və Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni əqidədaşları ilə birlikdə kampaniyalar aparıb. Diqqətlə fikir versək görərik ki, Fəxrəddin Abbaszadənin ətrafında azərbaycanlı dəstəkçiləri demək olar ki, yox idi. Ona cənub bölgəsindən olan Azərbaycan vətəndaşları tərəfindən heç bir dəstək olmadığı da məlumdur. Azərbaycanın cənub bölgəsindən olan bacı-qardaşlarımızın da Fəxrəddin Abbaszadəyə olan nifrətindən xəbərimiz var. Bizim cənublu, şimallı, şərqli, qərbli - bütövlükdə dövlətinə, millətinə, xalqına və Vətəninə bağlı olan cəmiyyətimiz heç zaman separatçı fikirlərin təbliğatçısının oyunlarının qurbanı olmaz. Onun tərəfdaşlarının da kimliyi hamıya bəllidir. O, sadəcə olaraq, Ermənistanın hakim dairələrinin və müttəfiq olduğu erməni diasporlarının nümayəndələrinin bahalı sifarişlərini yerinə yetirirdi". Toğrul Allahverdili hesab edir ki, Fəxrəddin Abbaszadənin həbsi ilə bir daha haqq-ədalət öz yerini tapdı: "Bununla da, Fəxrəddin Abbaszadənin, onun yaxın silahdaşlarının və eləcə də onunla birlikdə Azərbaycan xalqına qarşı çiyin-çiyinə silahlananların arzuları ürəklərində qaldı. Hesab edirəm ki, bu həbslər Fəxrəddin Abbaszadə ilə bitməməli, bunun davamı da gəlməlidir. Separatçıların carçısı kimi Rusiyada Azərbaycana qarşı fəaliyyət kampaniyası aparan "OTV" kanalı da bağlanmalı və bununla da bağlı qanuni ölçü götürülməlidir: ""OTV"nin rəhbəri Zabil , eyni zamanda, Rusiyada Azərbaycan əleyhinə separatçılıqla məşğul olan, ən böyük separatçılardan biri kimi tanınan İsmayıl Şabanov da həbs olunmalıdır. Çünki bunların azadlıqda olmaları Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə, həmçinin Azərbaycanda bir sıra fəsadların artmasına yol aça bilər. Təbii ki, bu separatçıların erməni diaspor təşkilatları ilə sıx əməkdaşlıq etmələri zaman-zaman aşkara çıxıb. İsmayıl Şabanov bir müddət əvvəl qondarma Osetiya Respublikasının müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirlərdə "Talış Respublikası"nın nümayəndəsi kimi iştirak edib.
Qeyd edək ki, Fəxrəddin Abbaszadə Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib. Fəxrəddin Abbaszadə 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, bu günə qədər vətəndaşlıq ala bilməyib.
Füzuli