“Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur" - ŞƏRH

"Cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasət ölkəmizi dünyada sekulyar, sülhpərvər və dünyəvi bir dövlət kimi tanıdıb. Əslində neçə illərdir Azərbaycanda mövcud olan iqtisadi və siyasi sabitliyə, təhlükəsizliyə görə biz məhz cənab Prezidentin məharətlə yürütdüyü çevik, praqmatik və dinamik xarici siyasətinə borcluyuq".

Bunu siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi geosiyasi məkan mürəkkəb və ziddiyətli olduğundan burada marağı kəsişən böyük güclər arasında manevr etmək və onlara qarşı praqmatik siyasət yürütmək yalnız güclü liderə xas ola bilər: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev son seçkidən sonra qısa zaman kəsiyində çox uğurlu xarici səfərlər həyata keçirdi, ölkəmizdə Avropanın aparıcı dövlətlərinin başçılarını qəbul etdi. Bu böyük dövlətlərin cənab Prezidentə seçkidən sonra böyük etimadın və dəstəyin bariz nümunəsidir. Xüsusən son aylarda Almaniya Kansleri Angela Merkelin Bakıda keçirdiyi uğurlu görüşlər və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Avropa Birliyin üzvü olan Xorvatiya Respublikasına səfərini və orada müxtəlif sahələrdə imzalanan əməkdaşlıq sənədlərini buraya aid etmək olar.

Prezident İlham Əliyevin sıx qrafikinə baxmayaraq, o ölkəmizin xarici siyasətinə böyük əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bölgədə bu qədər aktiv xarici siyasət yürüdən bir dövlətə çevrilmişdir. Son prezident seçkilərindən sonra qısa zaman kəsiyində ölkəmizin Xəzəryanı ölkələrin, Türkdilli dövlətlərin sammitində uğurla təmsil olunması, orada imzalanan sənədlər və Prezident İlham Əliyevin proqram xarakterli çıxışları, NATO liderlərinin Brüssel görüşündə iştirakı, dövlət başçıları ilə qurduğu uğurlu təmaslar ölkə başçımızın apardığı xarici siyasətin çoxvektrli olduğunu təsdiq edir. Bu gün ölkəmiz əksər beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Beləliklə düşünülmüş, milli maraqlara və vətəndaşın rifahına söykənən xarici siyasət nəticəsində bu gün ölkəmiz TAP və TANAP kimi nəhəng regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə imza atır. Məhz bu xarici siyasət nəticəsində ölkəmiz bölgənin sabitlik adasına çevrilmişdir və ən iri tranzit, nəqliyyat qovşaqlarının qurulmasına və enerji layihələrinə beynəlxalq dəstək günü-gündən artmaqdadır.

Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə əsas yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasiqişəsi tutur. Cənab Prezidentin münaqişənin həlli çərçivəsində ölkəmizin ərazi bütövlüyü ilə bağlı tutduğu prinsipial mövqe, digər bütün qonşu dövlətlərlə qurulan mehriban qonşuluq münasibəti və işğalçı Ermənistanın təcrid vəziyyətində saxlanılması aparılan ardıcıl və düşünülmüş xarici siyasətin nəticəsidir. Məhz bu siyasət nətincəsində bir-biri ilə ziddiyətdə olan dünya dövlətləri və beynəlxalq təşkilatlarla Azərbaycan ikitərəfli və çoxtərəfli yaxşı əlaqələrə malikdir və dünyanın ən aparıcı dövlətlərin liderlərinin etimadını qazanmışdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31