“Azərbaycanın beynəlxalq siyasətində yeni mərhələ açılıb"- AÇIQLAMA

"Son 3 ay ərzində ölkəmizə səfərə gəlmiş dövlət başçıları və Prezidentimizin səfərlərinə diqqət yetirdikdə biz görürük ki, Azərbaycan dünya müstəvisində hörmətlə yanaşılan, özünə məxsus yeri və rola malik ölkədir". Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkelin, Tacikistan prezdenti İmomoli Rohmonun ölkəmizə səfəri və Prezdent İlham Əliyevin Rusiya, Qırğızıstan, Xorvatiya səfərləri və səfərlər çərçivəsində dövlət başçıları ilə ikitərəfli strateji münasibətlərin möhkəmləndirilməsi ətrafında aparılan danışıqlar onu deməyə imkan verir ki, Azərbaycanın beynəlxalq siyasətində yeni mərhələ açılıb: "Son illər Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliyinin artması, həyata keçirilən beynəlxalq əhəmiyyətli böyük layihələr, iqtisadiyyatın neftdən asıllığının azaldılması istiqamətində qeyri-neft iqtisadiyyatının diversifikasiyası siyasəti, biznes mühitinin yaxşılaşması ölkəmizin cəlbediciliyini artırıb. Təbii ki, bu da hər bir dövlətin Azərbaycana investisiya yatırmaq və yeni mərhələdə iqtisadi münasibətlər yaratmaq maraqını artırıb. Birinci onu qeyd etmək istəyirəm ki, ölkələr arasındakı münasibətlər prezidentlər arasındakı şəxsi münasibətlərdən başlayır. Dövlət başçımız cənab İlham Əliyevin kommunikativ və münasibət yaratmaq bacarığı ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə zəmin yaradır. Azərbaycanın bugünkü iqtisadi mənzərəsini və əməkdaşlıq imkanlarımızı dövlət başçımız hər bir görüşdə qarşı tərəfə təqdim edir və bu da gələcək əməkdaşlığa yeni istiqamətlər açır.

Ümumiyyətlə demək olar ki, Azərbaycan dövlətinin qurduğu bütün beynəlxalq münasibətlər qarşılıqlı hörmətə, faydaya, dostluqa söykənir. Biz beynəlxalq münasibətlərdə heç kimdən yardım, kömək gözləmirik. Azərbaycan bu gün dünyanın nəqliyyat xəritəsində dəyişikliyə imza atmış ölkədir. Azərbaycan bu gün nəiki özü ölkələrlə münasibətlər yaradır, həm də dünya ölkələrinin bir-biri ilə yaxınlaşmasına öz töhfəsini verir. Azərbaycanın bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən başqa həll olunmayan bir problemi yoxdur. Cənab Prezdentin apardığı düşünülmüş beynəlxalq siyasəti ölkəmizi dəstəkləyən, haqq səsimizi eşidən və bu məsələdə bizə dəstək verəcək dostlarımızın sayını artıracaqdır. Prezidentlərin və dövlət başçımızın son səfərləri Azərbaycanın dünya siyasətində yerinin möhkəmlənməsinə xidmət edəcəkdir".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31