Ermənistanın Rusiyadan uzaqlaşması... - ŞƏRH

Ramiz Alıyev: "Bu ölkənin məhvi demək olar"

"Azərbaycanın Ermənistandan fərqli olaraq həm Rusiya, həm də Qərb, Avropa ilə normal əlaqələr qurması həyata keçirilən düzgün, balanslaşdırılmış xarici siyasət kursu ilə bağlıdır"

Azərbaycana olan beynəlxalq maraq getdikcə artmaqdadır. İstər yaxın qonşularımız, istərsə də Qərb, Avropa dövlətləri günümüzdə Cənubi Qafqazda Azərbaycanı özünü strateji müttəfiqi, yaxın dostu kimi görmək istəyir. Son bir neçə ay ərzində Azərbaycana müxtəlif səviyyəli səfərlərin olması və ikitərəfli münasibətlər zəminində imzalanan sənədlər fonunda bunu aydın görmək mümkündür. Diplomatik sahədə əldə edilən uğurların Azərbaycanın düzgün xarici siyasət kursu ilə əlaqələndirən politoloq Ramiz Alıyev qəzetimizə verdiyi müsahibədə ölkəmizə olan marağın bazasında dayanan əsas amillərdən də danışıb.

-Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycana olan beynəlxalq maraq artır. Bu da qeyd etdiyimiz kimi Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu ilə əlaqədardır. Müstəqillik illərindən, daha doğrusu ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn gündən etibarən xarici siyasətdə balanslaşdırılmış kursa üstünlük verən rəsmi Bakı bu gün də bu prinsipə sadiq qalır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın bu mövqeyi, yanaşması, siyasəti də dünya dövlətləri tərəfindən normal qarşılanır, rəsmi Bakının bu siyasətinə hörmətlə yanaşılır. Elə bu günlərdə ölkəmizə olan müxtəlif səviyyəli səfərlər, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ayrı-ayrı dövlətlərə səfərləri fonunda bunu aydın görmək mümkündür.

-Yeri gəlmişkən Azərbaycan dövlət başçısı bu günlərdə Rusiya Federasiyasında səfərdə oldu və səfər zamanı bir sıra səmərəli danışıqlar keçirildi, iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlər imzalandı. Ümumilikdə, bu səfərin nəticələrini necə qiymətləndirmək olar?

-Əlbəttə ki, Azərbaycan dövlət başçısının Rusiya Federasiyasına rəsmi səfəri yüksək səviyyədə baş tutdu. Soçidə keçirilən görüşlər, aparılan danışıqlar, müzakirə edilən məsələlərin aktullığı, eləcə də imzalanan sənədlər belə deməyə əsas verir. Məlum olduğu kimi səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 15 sənəd imzalandı ki, bu da gələcək əməkdaşlıq üçün yeni-yeni imkanlar, perspektivlər açır. Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında çox normal münasibətlər mövcuddur və bu münasibətlərin tarixi dərindir. Siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə geniş əlaqələrə malik olan iki ölkə arasında əlaqələrin bu günkü səviyyəyə gəlib çatmasında dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin də mühüm rolu var. Eyni zamanda ortada olan siyasi iradə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar açır. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və səfər çərçivəsində imzalanan sazişlər Bakı ilə Moskva arasında yeni əməkdaşlıq imkanları yaradacaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirəcək.

-Nəzərə alaq ki, Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir

-Bəli, doğru buyurursunuz. Təsadüfi deyil ki, Azərbaycan dövlət başçısının Rusuya Federasiyasına səfəri çərçivəsində Dağlıq Qarabağ problemi də müzakirə edildi. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi bundan sonra Rusiya Federasiyasının Dağlıq Qarabağ probleminin həllində səylərinin artacağına ümid edirik. Düşünürəm ki, bu belə də olacaq və rəsmi Moskva yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəallığını artıracaq. Çünki bu həm də Rusiya üçün lazımdır. Çünki Qərb, Avropa Cənubi Qafqaza nüfuz etməklə Rusiyanın buradakı maraqlarını zərbə altına qoymaq istəyir. Demək olar ki, Gürcüstan və Ermənistanda Qərb buna nail olub. Təsəvvür edin ki, aprel inqilabına qədər Rusiyanın forpostu olan Ermənistanda indi daha çox Qərb, Avropameyilli siyasətə üstünlük vermə cəhdləri müşahidə edilir. Düzdür, bu hələlik inqilabçı baş nazir Nikol Paşinyanın bir gedişi sayıla bilər. Bir növ Paşinyan özünü Avropapərəst göstərməklə öz aləmində Rusiyaya mesaj verir, Moskvadan daha çox dividentlər əldə etməyə çalışır. Amma düşünürəm ki, Paşinyanın Rusiyanı qıcıqlandırmaq məqsədilə Avropaya meyilliliyi inqilabçı baş nazirin arzuladığı situasiyanı yetişdirməyəcək. Bir neçə gündən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin qəbulunda olan Nikol Paşinyan Kreml rəhbərindən aldığı tapşırıq və tövsiyələr əsasında Qərbdən üz döndərəcək. Çünki Paşinyan da yaxşı bilir ki, Ermənistanın Rusiyadan uzaqlaşması bu ölkənin məhvi demək olar. Çünki Rusiya Ermənistanın bütün iqtisadi sferalarına nəzarət edir. Əgər iki ölkə arasında münasibətlər pozular  və Rusiya sərmayələri bu ölkədən geri çağrılarsa, o zaman Ermənistan əhalisi arasında aclıq və səfalət həddi daha da artar. Bu isə inqilabçı baş nazir üçün əlavə problemlərin yaranması deməkdir.  Ona görə də Nikol Paşinyan mövcud reallıqla barışmaq məcburiyyətindədir.

-Bu arada Ermənistandan fərqli olaraq Azərbaycan həm Rusiya, həm də Qərblə. Avropa ilə münasibətləri daha da inkişaf etdirməkdədir.  Bu günlərdə dövlət başçısının Xorvatiyaya səfəri, bir neçə gün əvvəl Almaniya kansleri Angela Merkelin regiona səfəri çərçivəsində Bakıda olması deyilənlərin təsdiqi demək deyilmi?

-Əlbəttə. Azərbaycanın Ermənistandan fərqli olaraq həm Rusiya, həm də Qərb, Avropa ilə normal əlaqələr qurması, bu əlaqələri inkişaf etdirməsinin başlıca səbəbi yuxarıda qeyd etdiyimiz kimi həyata keçirilən düzgün, balanslaşdırılmış xarici siyasət kursu ilə bağlıdır. Bundan başqa Azərbaycan regionun ən əlverişli, strateji tərəfdaşlığa xas ölkəsidir. Ölkəmizin iştirakı ilə həyata keçirilən regional və beynəlxalq layihələr Azərbaycana olan marağı artırır. TAP, TANAP. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələri buna misal göstərmək olar. Ən əsası bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır. Bu amil də ölkəmizə olan marağı gündən-günə artırır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Xorvatiyaya rəsmi səfərə dəvət edilməsi də məhz qeyd etdiyimiz amillərdən irəli gəlir. Məlumat üçün qeyd edək ki, səfər çərçivəsində Azərbaycanla Xorvatiya arasında bir sıra sahələri əhatə edən sazişlər imzalanıb ki, bu da ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31