Ekspert: “Rusiya, İran və Türkiyə regionun aparıcı dövlətləridir"
7 Sentyabr 2018 15:13 Siyasət"Tehranda keçirilən İran-Türkiyə-Rusiya zirvə görüşü rgionda yeni situasiyanın yaranmasından xəbər verir".
Bunu siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə regionun aparıcı dövlətləridir: "Onlar arasında əməkdaşlıq bölgədə sülhə və regional təhlükəsizliyə xidmət edir. İnanıram ki, bu bölgə üçün faydalı bir görüş olacaq. Türkiyənin həm Rusiya, həm də İranla uğurlu əməkdaşlığı mövcuddur. Hər üç dövlət iqtisadi baxımdan çox yaxşı əlaqələrə malikdir. Bu əməkdaşlığı gücləndirmək və regional sabitliyi bərqərar etmək üçün bu sammitin özünəməxsus özəlliyi var.
Əlbəttə ki, Azərbaycan hər üç ölkə ilə qonşu dövlət olduğundan bu əməkdaşlıqdan yararlana bilər. Azərbaycan hər üç ölkə ilə enerji, tranzit və ticari əlaqələrə malikdir. Bundan başqa ölkəmiz aktiv şəkildə regional təhlükəsizliyə töhfə verən dövlət olub. Xatırlayırsınızsa, Azərbaycanın ev sahibliyi ilə Rusiya-İran və Azərbaycan strateji görüşü Bakıda keçirilmişdir. Bu baxımdan İran-Türkiyə-Rusiya zirvə görüşünü regionda önəmli bir gəlişmə adlandırmaq olar. Hər üç dövlətin potensialı və siyasi-iqtisadi əməkdaşlığı regiona yeni dividentlər və sülh vəd edir. Bu nizamda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni üfüqlər açıla bilər".
SİA