Azərbaycan-Xorvatiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir
6 Sentyabr 2018 13:48 Siyasətİlham Əliyev bu ölkəyə səfəri əməkdaşlığın daha da genişlənməsinə səbəb olacaq
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin "Franyo Tucman" aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. "Franyo Tucman" aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan dövlətinin yüksək səviyyədə qarşılanması deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmət və strateji tərəfdaşlıq səviyyəsindədir. Onu da qeyyd edək ki, Azərbaycan-Xorvatiya arasındakı əmakdaşlıq uzun tarixə malikdir. Belə ki, Xorvatiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991- ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 26 yanvar 1995-ci il tarixində qurulub. AR-in Xorvatiyadakı Səfırliyi 2011-ci ilin fevral ayından fəaliyyətə başlayıb. 17 mart 2011-ci il tarixində AR-ın Xorvatiyaya təyin olunmuş səfıri cənab Kamil Xasiyev XR Prezidenti cənab İvo Yosipoviçə öz etimadnaməsini təqdim edib. 2 dekabr 2011-ci il tarixində isə XR-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfıri cənab Drajen Hrastiç AR Prezidenti cənab İlham Əliyevə öz etimadnaməsi təqdim edib. Dövlətlər arasındakı əlaqələrin inkişafı nəticəsində 5 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan və Xorvatiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 2008-ci ildən isə Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, bir neçə dəfə yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. Hazırda Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikası Aviasiya hakimiyyəti orqanı və Xorvatiya Respublikasının Aviasiya hakimiyyəti orqanı arasında Əməkdaşlıq Memorandum, Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazış, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və sair kimi mühüm sənədlər qüvvədədir. Energetika, nəqliyyat, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlıq gözləntilər sırasındadır.
İqtisadi sahədə əlaqələrin inkişafı üçün kifayət qədər potensial mövcuddur. Həmçinin enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsi imkanlar var. Onu da qeyd edək ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Xorvatiya ilə bu sahədə də əməkdaşlığın genişləndirilməsində, Xorvatiya isə Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Sadalanan faktlar deməyə əsas verir ki, hazırda ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu var. Gələcək əlaqələrin inkişaf etdirilməsi üçün də geniş hüquqi baza mövcuddur. Yeri gəlmişkən xatırladaq ki, Xorvatiya rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan ediblər. Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan müstəqillik qazanandan sonra tək Xorvatiya ilə deyil, ümumiyyətlə Balkan yarımadasında olan ölkələrlə diplomatik münasibətlər yaranıb. Bura Xorvatiya Respublikası da daxildir. Onun sözlərinə görə, Xorvatiya da Azərbaycanla əlaqələrin genişlənməsində çox maraqlı olan bir dövlətdir: "Xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə məsələsində oynadığı rolda Xorvatiyanın maraqları çoxdur. Neft-qaz layihələrinə qoşulmaqda, onlarda iştirak etməkdə Xorvatiyanın maraqları xeyli çoxdur. Təbii ki, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və əməkdaşlığımız genişlənir. Bu əməkdaşlıqda hər iki ölkənin öz siyasətinə uyğun, özünün inkişafına uyğun maraqları var. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xorvatiya Respublikasına rəsmi səfəri də əməkdaşlığın, tərəfdaşlığın genişlənməsinə, daha da yaxınlaşmasına səbəb olacaq bir səfərdir".
Zəka