Azərbaycana olan beynəlxalq maraq artır

Azərbaycanın yerləşdiyi coğrafiyada söz və nüfuz sahibinə çevrilməsi ölkəmizə beynəlxalq səviyyədə olan marağı gündən-günə artırır. Bir-birinin ardınca ayrı-ayrı dövlət və hökumət başçılarının Azərbaycana səfər etməsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son aylar ərzində bir çox ölkələrə səfər edərək orada səmərəli görüşlər keçirməsi fonunda bunu aydın görmək mümkündür. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycana olan maraq dünyanın dörd bir yanında hiss eilməkdədir. Qərb, Avropa, Rusiya ilə yanaşı Asiyada da Azərbaycana böyük ilgi hiss olunur. Hər halda bu günlərdə Yaponiyanın xarici işlər nazirinin Azərbaycana səfər etməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-də Azərbaycana səfər etdi. Bu Yaponiya xaric işlər nazirinin 19 il sonra Azərbaycana ilk səfəri idi. Yapon nazir Bakıda əvvəlcə prezident İlham Əliyevlə görüşdü. Azərbaycan prezidenti və Yaponiyanın xarici işlər naziri iki ölkə arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirdilər. Yaponiyanın xarici işlər naziri daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Rəsmi Tokionun Azərbaycana olan marağına gəlincə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Yaponiya Asiya ölkələri içərisində Azərbaycanın əsas tərəfdaşlarından biridir: "Məsələn, Yaponiyanın "İtoçi" və "İnpeks" şirkətlərinin uzun illər "Azəri-Çıraq-Günəşli" (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğulamaq lazımdır. "Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılıb. Bu o deməkdir ki, Yaponiyanın enerji şirkətləri Azərbaycanla əməkdaşlığı növbəti illərdə də davam etdirəcəklər. "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nöqtədə yerləşir və Cənubi Qafqazda Tokionun əsas tərafdaşıdır" - bu Yaponiya xarici işlər nazirinin Bakıda söylədiyi əsas fikirdir. Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir". Politoloq deyib ki, Yaponiyanın xarici işlər naziri Bakıya konkret təkliflərlə gəlib: "Birinci təklif. Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu təklif Azərbaycan üçün də vacibdir. İlham Əliyev Yaponiyanın xarici işlər naziri ilə görüşdə Azərbaycanda turizmə diqqətin artırıldığını bildirdi. Yaponiya vətəndaşları səyahət etməyi xoşlayırlar. Birbaşa aviareys açılarsa Azərbaycana səyahət edən yaponların sayı artar. İkinci təklif. Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib. Bu da qarışlılıqlı əməkdaşlıq üçün faydalıdır, turizmin inkişafına təkan verə bilər. Üçüncü təklif . Yaponiya Azərbaycanla qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr aparmağa hazırdır. Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Azərbaycanda 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Yaponiya Azərbaycan iqtisadiyyatına, təxminən, 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir. Bu Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir. Dördüncü təklif. Yaponiya "Cənubi Qafqaz təşəbbüsü" adlı prosesi başlatmaq istəyir. Yaponiyanın xarici işlər nazirinin sözlərinə görə, bu təşəbbüs iki pillədən ibarət olacaq. Birinci pillə dövlət quruculuğuna dəstək layihəsi adlanır. Bu pillədə dövlət məmurlarının, o cümlədən gənc diplomatların və hüquqşünasların təcrübə mübadiləsinin aparılması planlaşdırılır. İkinci pillədə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Beləliklə, rəsmi Bakının Yaponiyanın 4 təklifini müsbət dəyərləndirməsi vacibdir. Bu təkliflərin reallaşması Azərbaycanla Yaponiya arasındakı münasibətləri daha da gücləndirə bilər. Yaponiya Azərbaycandan keçən "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinə də maraq göstərir. Doğrudur, Yaponiyanın bu dəhlizlərdən neçə istifadə edə biləcəyi sualı açıq qalır. Ancaq dünya iqtisadiyyatında mühüm pay sahibi olan Yaponiya müxtəlif enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmir və iştirakının mümkünlüyünü nəzərdən keçirir. Asiyada Yaponiya ilə Çin arasında rəqabət var. Çinin maraq göstərdiyi regional layihələrə Yaponiya da maraq göstərir və qonşusundan geri qalmaq istəmir. Yaponiya illərdir Azərbaycanın müxtəlif bölgələrində su və bitki layihələri də maliyyələşdirir ki, bu bölgələrdə yaşayanlar üçün az əhəmiyyətli deyil". Politoloqun sözlərinə görə, Yaponiya GUAM-a da maraq göstərir: "Təsadüfi deyil ki, bu ilin sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində növbəti dəfə GUAM-Yaponiya görüşünün keçirililəcək. Yaponiyanın GUAM-la əməkdaşlığı Azərbaycan üçün vacibdir. Çünki bu yolla Yaponiya GUAM-a üzv olan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etmiş olur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31