Bəhruz Quliyev: “Azərbaycan xalqı heç bir halda dini radikalizmə meylli olmayıb və müqəddəs aylarda çoxsaylı xeyriyyəçilik əməllərini yerinə yetiriblər”

"Bildiyimiz kimi, qarşıdan İslam aləmində özünəməxsus yeri olan Məhərrəmlik ayı gəlir və bu ayda dini inanclı olan Azərbaycan vətəndaşları da həmin aya məxsus ayinləri icra edirlər".

Bu fikirləri Olaylar.az-a ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Məhərrəmlik ayında bir sıra ayinlər də mövcuddur ki, həmin ayinlərdən biri də qanvermə aksiyasının keçirilməsidir: "Təəssüf hissi ilə demək istərdim ki, qan çıxarma deyilən ayinlər zamanı insanlar kəsici, xəsarət verici alətlər vasitəsilə özlərinə, hətta övladlarına xətər yetirirlər. Bu, çox acınacaqlı və qəbuledilməz bir haldır. Halbuki, müasir dünyamızda bir çox müsəlman dövlətləri bu cür qeyri-humanist və deyərdim ki, Allahın bəyənmədiyi əməlləri rədd edirlər. Misal üçün, Türkiyədə, İranda və s. müsəlman ölkələrində Məhərrəm ayında, Aşura günündə belə əməllərdən uzaq durmağa çalışırlar. Bütün bunların yerinə - yəni qəmə ilə baş yarmaq, zəncir ilə özünü döyüb qan çıxarmaq yerinə qanvermə aksiyaları təşkil edirlər. Qeyd edim ki, Azərbaycanda da bu ənənə mövcuddur və uzun illərdir ki, davam etdirilir, istər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, istərsə də bu idarəyə bağlı dini icmalar tərəfindən qanvermə aksiyaları təşkil olunur".

"Sirr deyil ki, bu gün qana ehtiyacları olan hemifeliya, talassemiya xəstələrinin sayı artmaqdadır və bunun üçün qan bankları fəaliyyət göstərir. Nəyə görə inanclı insanlar yaxşı əməllərini həmin xəstələrə qan bağışlamaqla sübuta yetirməsinlər?", deyə sual edən Bəhruz Quliyev qəbul olunmayan və aqressiya ilə müşahidə edilən 

ayinlərin digər mənfi xüsusiyyətlərə də səbəb olduğunu bildirib: "Biz, elə də uzağa getməyərək, Nardaranda baş verən hadisələrin, o cümlədən, Gəncə olaylarının əsas iştirakçılarının dövlətçiliyimizə və humanizmi təbliğ edən dini ənənələrimizə qarşı törətdikləri əməllərini xatırlaya bilərik. Məhz bu kimi ünsürlər radikal dinçiliyin təməlini Azərbaycanda reallaşdırmağa cəhdlər göstərdilər. Məhz bu fərdlər ölkəmizdə radikal dindarlığın əsaslarını formalaşdırmaqla, dini inanclıları qəbul olunmayan ayinlər vasitəsi ilə şüuraltı şəkildə radikallaşdırmağa çalışıblar. Hətta Ərbəin və s. səfərləri təşkil etməklə, dünyəvi və hüquqi dövlətimizə qarşı əks-təbliğatlar aparmağa cəhdlər göstərdilər. Lakin nə onların, nə də onları idarə edən xarici qüvvələrin buna gücləri çatmadı. Çünki, ələlxüsus Azərbaycan xalqı heç bir halda dini radikalizmə meylli olmayıb, əksinə, İslam aləminin müqəddəs aylarında çoxsaylı xeyriyyəçilik əməllərini yerinə yetiriblər". 

Ekspert son olaraq deyib ki, belə əməllərin artırılması və davamlı təbliği üçün hər kəs öz xeyriyyəçilik məqsədlərindən çıxış etməlidir: "Bu baxımdan, hesab edirəm ki, radikal və qeyri-humanismi təbliğ edən tədbirlərin qarşısı istər müvafiq orqanlarımız, dini icmalarımız, istərsə də vətəndaşlarımız tərəfindən bu kimi vasitələrlə alınmalıdır. Bu istiqamətdə bilgiləri olan hər bir şəxs təbliğatlarını aparmalı, insanlarımızı qəbul edilməyən ənənələrdən uzaqlaşdırmağa səy göstərməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31