Yaponiya Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş hesab edir

"On doqquz il sonra Yaponiyadan Azərbaycana səfər edən ilk xarici işlər naziri olmaq mənim üçün şərəfdir". "Olaylar" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib. O qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nöqtədə yerləşir və Cənibi Qafqazda Tokionun əsas tərafdaşıdır: "Bu əməkdaşlıq əlaqələri artıq 26 ildir inkişaf edir. Keçən il biz əlaqələrin qurulmasının 25 illiyini qeyd etdik. Həmçinin, biz Yaponiya şirkətlərinin iştirak etdiyi Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi üzrə ötən il daha bir saziş imzaladıq".

Yaponiyalı nazir Azərbaycanla viza tələblərini asanlaşdırmaq qərarına gəldiklərini vurğulayıb:

"Biz qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr aparmağı da qərarlaşdırmışıq".

T.Kono Yaponiyanın "Cənubi Qafqaz təşəbbüsü" adlı proses başlatmaq niyyəti barədə məlumat verib: "Bu təşəbbüs iki pillədən ibarət olacaq. Birinci pillə dövlət quruculuğuna dəstək layihəsi adlanır. Bu pillədə dövlət məmurlarının, o cümlədən gənc diplomatların və hüquqşünasların təcrübə mübadiləsinin aparılması planlaşdırılır. İkinci pillədə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur". Azərbaycanla bütün sahələrdə əməkdaşlığı gücləndirmək istədiklərini vurğulayan T.Kono Bakı ilə Yaxın Şərq və Şərqi Asiyada baş verən prosesləri müzakirə etdiklərini vurğulayıb: "Bundan əlavə, biz Azərbaycan idmançılarını "Tokio-2020" Yay Olimpiya Oyunlarında qarşılmağa hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31