"Paşinyan ona verilən bu fürsətdən faydalanmasa..."
5 Sentyabr 2018 11:46 SiyasətSahib Alıyev: "Ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək"
Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, yerləşdiyimiz coğrafiyada, eləcə də ondan bir qədər kənarda maraqlı proseslər cərəyan etməkdədir. Sevindirici hal isə ondan ibarətdir ki, bu proseslərin hər birinin ayrı-ayrılıqda Azərbaycana müəyyən mənada xeyiri var və rəsmi Bakı üçün əlverişli şərait yetişir. Elə yaxın vaxtlarda İran İslam Respublikasının paytaxtı Tehranda nəzərdə tutulan Türkiyə-Rusiya-İran üçlü formatda görüş, bundan əvvəl, daha doğrusu bu günlərdə Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olması və burada keçirilən səmərəli danışıqlar, bunun ardınca Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və Soçidə baş tutan görüş, Moskva ilə Bakı arasında müxtəlif sahələri əhatə edən 15 sazişin imzalanması, eləcə də Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI zirvə görüşü, bir sözlə bu kimi mühüm görüş və toplantıların hər biri Azərbaycanın maraqlarına xidmət edir. Bu proseslərin fonunda Ermənistanın öz ağası sayılan Rusiya ilə münasibətlərinin sərinlənməsi, inqilab yolu ilə hakimiyyəti zəbt etmiş Nikol Paşinyanın açıq-aşkar Kremlə buynuz göstərməsi şimal qonşumuzda heç də səssizcəsinə qarşılanmır. Moskva ermənilərin inqilabçı baş nazirini nə qədər başa salmağa çalışsa da, lakin Nikolun hələlik dirəniş göstərməsi və Rusiyanın adamı kimi tanınan erməni siyasiləri özünə rəqib bilərək sıradan çıxarması artıq Kremlin səbrinin daşırır desək yanılmarıq. Elə Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən bu ölkəyə dəvət edilməsi də təsadüfi sayıla bilməz və ehtimal etmək olar ki, inqilabçı baş nazirdən Rusiyada etdikləri hərəkətlərə görə hesab sorulacaq.
Ermənistan baş nazirinin Rusiyaya səfəri zamanı böyük ehtimalla Dağlıq Qarabağ problemi ətrafında da fikir mübadiləsi aparılacaq və güman etmək olar ki, İrəvandan sülh danışıqlarında qeyd-şərtsiz iştirak etmək tələb olunacaq. Çünki həm Almaniya kansleri Angela Merkel Cənubi Qafqazda səfərdə olarkən, həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Soçidə rusiyalı həmkarı ilə keçirdiyi görüşdə bir fikir xüsusi vurğulandı. Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylər artırılmalıdır. Nəzərə alsaq ki, indiki şəraitdə problemin həlli istiqamətində nəzərdə tutulan danışıqlara ən böyük maneə Ermənistandır və İrəvan hər vəchlə danışıqlar prosesini pozmağa, ona əngəl olmağa çalışır, o zaman Nikol Paşinyanın Rusiyada keçirdiyi görüşlər zamanı ona sözügedən məsələ ilə bağlı qulaqburması veriləcəyi mümkün varinatlar sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanın da mövqeyi bundan ibarətdir. Daha doğrusu rəsmi Bakı Ermənistanın yeni rəhbərliyinə danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyi tövsiyə edir. Məlumat üçün qeyd edək ki, elə bu günlərdə Qırğıxıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələyə diqqət çəkərək bunları deyib: "Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır". Millət vəkili Sahib Alıyev hesab edir ki, dövlət başçımız Ermənistanın yeni rəhbərliyinin konstruktiv mövqe tutacağına ümid etdiyini deyərkən heç də bunu Nikol Paşinyan kimi populist və səbatsız bir adama dayanaraq dilə gətirmir: "Fikrimcə, onun bu ümidinin kökündə Ermənistan üzərində böyük və müəyyən qədər təsiri olan iki dövlətin Rusiyayla Almaniyanın rəhbərlərinin- Vladimir Putinlə Angela Merkelin problemin həllində səy göstərəcəkləri haqda vədləri durur. Düzdür, Soçi görüşündən sonra cənab Vladimir Putin bu haqda açıqlama verərəkən konkretliyə varmadan "Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək" deməklə kifayətlənmişdi. Almaniya Kansleri isə Bakıda olarkən Dağlıq Qarabağ problemindən danışarkən belə bir açıqlamada bulunmuşdu: "Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər". Yəqin ki, bağlı qapılar arxasındakı görüşdə onlar bununla bağlı daha detallı və açıq danışırlar. Azərbaycanın dövlət başçısı da məhz həmin danışıqlar zamanı deyilənlərə ümid bəslədiyini vurğulayır. Və Nikol Paşinyanın özündən çox Angela Merkelə jest edərək ona öz təbirincə desək, "20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim"in başında duranlardan fərqli yanaşma sərgiləyə biləcəyini ortaya qoyur. Ancaq bir şərtlə yeni hay baş nazır danışıqlara, özü də konstruktiv danışıqlara hazır olduğunu tez bir zamanda göstərsin. Bu isə populistlik yox, məsuliyyətli davranış və fədakarlıq tələb edir". Millət vəkili deyib ki, əgər Nikol Paşinyan ona verilən bu fürsətdən faydalanmasa, ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək: "Haylar üçün ən pis variant isə odur ki, 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcəklər və nəzərə alsaq ki, indi onların da oğulları Dağlıq Qarabada hərbi xidmətdədir, ola da bilsin, oradan göndərilən "200 saylı yük"lərdən biri də paşinyanların evinə gedəcək".
Süleyman