“Azərbaycan həmişə türkdilli dövlətlərlə əməkdaşlığa böyük önəm verib" - ŞƏRH
4 Sentyabr 2018 15:34 Siyasət"Azərbaycan hər zaman türkdilli dövlətlərlə əməkdaşlığa böyük önəm verib. Bizim demək olar ki, əksər türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli gözəl münasibətlərimiz mövcuddur. Bu da öz növbəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işinin daha da effektiv təşkil olunmasına öz müsbət təsirini göstərir. Təsadüfi deyil ki, Azərbaycan tərəfinin rəhbərlik etdiyi dövrdə bu təşkilat bir çox uğurlara imza atıb, həm ölkəmizi, həm də bu təşkilatı ən ali qurumlarda layiqincə təmsil edib".
Bunu siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bu müddət ərzində türkdilli dövlətlər arasında təhsil, mədəniyyət və humanitar sahədə çox uğurlu əməkdaşlıq quruldu: "Xatırlayırsızsa əvvəllər türk dövlətlərinin birliyindən söz düşəndə bunun mümkün olmaması və böyük güclərin bu birliyin yaranmasına qarşı çıxacağı kimi arqumentlər səslənirdi. Lakin Azərbaycanın qardaş Türkiyə ilə birgə bölgəda apardığı uğurlu iş nəticəsində biz belə bir təşkilatın ərsəyə gəlməsinin şahidi olduq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu bütün layihələrə beynəlxalq aləmdən hər zaman dəstək gəlib. Təsadüfi deyil ki, Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu qurumun Naxçıvanda qardaşı cənab İlham Əliyevlə birgə təsis olunması təşəbbüsünü xatırlatdı. Hesab edirəm ki, Azərbaycanla Türkiyənin nümunəvi qardaşlıq münasibətləri bu quruma böyük maraq yaratdı. Qırğızıstanın 6-cı Sammitə yüksək səviyyədə ev sahibliyi etməsi də özü-özlüyündə Asiya arialında yerləşən türk dövlətlərinin bu quruma nə qədər böyük maraq göstərməsinin bariz nümunəsidir.
Hesab edirəm ki, sammit çox uğurlu keçdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sammitdə geniş çıxışı, bir daha Dağlıq Qarabağ münasiqəşinə beynəlxalq birliyin diqqətini çəkməsi önəmli hadisədir. Azərbaycanın beynəlxalq platformalardan belə uğurla istifadə etməsi bizim effektiv xarici siyasətimizin əsas göstəricisidir. Əlbəttə ki, bu sammitin digər diqqət çəkən məqamı Avropa Birliyi dövləti olan Macarıstan Respublikasının prezidentinin iştirakı oldu. Hesab edirəm ki, bu dövlət Azərbaycan və digər türkdilli dövlətlərlə sıx münasibətlərə önəm verir və istisna etmirəm ki, qarşıdakı illərdə türkdilli xalqların yaşadığı və türk mədəniyyəti ilə yaxından maraqlanan və bağlılığı olan digər yeni dövlətlər də bu təşkilata qoşulsunlar. Düşünürəm ki, bu təşkilat türk xalqlarının yaşadığı digər dövlətlərlə də uğurlu işbirliyi quracaq. Bu mənada sammitə Tatarıstan Respublikası nümayəndəsinin da təşrif buyurması təsadüfi deyildir.
Əbəs yerə 21-ci əsrin türk əsri olacağını deməyiblər. Ölkəmizin bu təşkilatda xüsusi çəkisinin olması və körpü rolunu oynaması qaçılmazdır. Belə ki, Azərbaycanın qardaş ölkə ilə yaxın bağlarının olması, eyni zamanda digər türkdilli Asiya xalqları ilə yaxın ortaq tarxinin olması ölkəmizin cəlbediciliyini qoruyub saxlayır. Şübhəsiz ki, bu qurumun əsas hədəfinin türkdilli ölkələr və xalqlar arasında mədəni və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində apardığı uğurlu fəaliyyət, bu xalqların hüquqlarının qorunması, beynəlxalq təşkilatlarda geniş təmsilçiliyi və böyük dövlətlərin rəğbətini qazanması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələcəkdə daha bir güclü bir quruma çevrilməsinə gətirib çıxaracaqdır".
SİA