Regionda Azərbaycan-Türkiyə-Rusiya üçbucağı qurula bilər

Əhəd Məmmədli: "Türkiyə-Rusiya yaxınlaşması Azərbaycan üçün Qarabağın qaytarılması ilə nəticələnə bilər"

"Hər halda Cənubi Qafqazda hadisələrin gedişatı sürətlənir"

Bir müddətdir ki, müttəfiq kimi bir arada olan və Birləşmiş Ştatlara qarşı sözün həqiqi mənasında dirəniş göstərən Türkiyə-Rusiya-İran ittifaqını sarsıltmaq, adıçəkilən 3 ölkə arasında ciddi bir problem yaratmaq istiqamətində cəhdlər davam edir. Bir tərəfdən Birləşmiş Ştatlar bu ittifaqı laxlatmaq istəyirsə, digər tərəfdən hər yerdən əli üzülən, hakimiyyətini qorumaq üçün on minlərlə insanın həyatına son qoyan Suriya prezidenti Bəşər Əsəd Türkiyə-Rusiya-İran müttəfiqliyinə təhlükə yaratmağa çalışır. Artıq demək olar ki, Əsəd istəyinə nail olmaq ərəfəsindədir. Söhbət Əsədə bağlı qüvvələrin İdlib şəhərinə nəzərdə tutulan hücumundan gedir. Xarici kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Əsəd rejimi Suriya hakimiyyətinə rəğbət bəsləyən bəzi İran qüvvələrinin dəstəyi ilə müxalifətin son dayağı sayılan İdlib vilayətinə hücuma hazırlaşır. Bununla da böyük ölçüdə Suriyaya nəzarəti əllərinə keçirmək istəyirlər. Ekspertlər hesab edirlər ki, Əsəd qüvvələrinin planı baş tutarsa və İdlibə hücum reallaşarsa bu Ankara-Moskva-Tehran arasında münasibətlərin sərinləşməsinə gətirib çıxaracaq. Müstəqil ekspert Əhəd Məmmədli də bu qənaətdədir. Onun sözlərinə görə, rəsmi Ankara Əsəd qüvvələrinin İdlibə hücumu ilə barışmır və bunun qəti əleyhinədir: "İdlib Suriya müxalifətinin son qalasıdır və bu qalada türk hərbi qruplaşmaları yerləşır. Hər şeyə rəğmən İranın dəstəyi ilə Əsəd rejimi İdlibə hücuma başlasa, Bəşər Əsəd müxalifətlə bərabər Türkiyə ilə üz-üzə gələcək. Bu isə o deməkdir ki, İdlibdə Türkiyə ilə İran üz-üzə gələcək. Rusiya da İdlibin müxalifətdən alınmasını istəyir. İdlibə hücum baş versə Türkiyə-İran-Rusiya tərəfdaşlığına ciddi zərbə dəyəcək. Moskva cəhdlər edir ki, İdlib düyününü çözülsün. Çünki indiki vəziyyətdə Ankara ilə lazımsız qarşıdurma Moskvaya sərf etmir". Əhəd Məmmədli yaxın vaxtlarda Tehranda Türkiyə-İran-Rusiya liderlərinin  görüşəcəyini vurğulamaqla yanaşı qeyd edib ki, həmin görüşdə də əsas mövzu İdlib olacaq: "Bu görüşdən sonra İdlibin taleyi məlum olacaq. İstənilən halda Türkiyə İdlibi nə Əsədə, nə Tehrana, nə də Moskvaya verən deyil. İdlib Suriyadakı sünni çoxluğun son qalası, ümid yeridir. İdlibə gözlənilən hücum Vaşinqtonla Brüsselin də maraqlarına uyğun deyil. Düzdür,Türkiyə-İran-Rusiya üçbucağının dağılması Birləşmiş Ştatların maraqlarına uyğundur. Lakin Əsəd rejiminin kürd regionuna yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir. İdlib vilayətinin təxminən iki milyon əhalisi var. İdlib uğrunda döyüşlər başlasa bu hardasa bir milyon qaçqın deməkdir. Təbii belə perspektiv nə Türkiyə, nə də Avropa Birliyinin maraqlarına xidmət etmir". Hazırda gərgin xarakter təsiri bağışlayan Rusiya-Ermənistan münasibətlərinə də toxunan Əhəd Məmmədli bildirib ki, indiki halda Moskva-İrəvan münasibətlərinin gərginliyi ərəfəsində Azərbaycanın bunu öz xeyrinə istifadə edilməsinin vacibliyini dəfələrlə vurğulanıb: "Bunu mən də vurğulamışam. Qarabağı azad etmək üçün Azərbaycan Rusiyanı öz tərəfinə çəkməlidir. Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yol Qarabağın azadlığından keçirsə, həmin yolu getməyə dəyər. Amma o yol ancaq Qarabağın tam azad edilməsindən sonra gedilə bilər. Nə badə "Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub sonra 3 və ya 5 rayonumuzu qaytarmağa göz yumarıq.  Rusların bu tipli vədlərinə inanarıq, İnansaq Dağlıq Qarabağı birdəfəlik itirəcəyik, suverenliyimizi də yenidən Rusiyaya həvalə edəcəyik". Ekspert onu da qeyd edib ki, bu arada Naxçıvanda Türkiyə hərbi bazasının qurulması haqda məlumatlar yayılır və belə bir addımın atılması təqdirəlayiq ola bilər: "Regionda Azərbaycan-Türkiyə-Rusiya üçbucağı qurula bilər. Azərbaycanla Türkiyə Rusiyanı Ermənistandan qoparıb öz tərəfinə çəkə bilsələr, Qarabağın azad olunması daha realdır. Türkiyə Rusiya yaxınlaşmasına görə XX əsrin əvvəllərində Naxçıvanla Qarabağ Azərbaycanda qaldı. XXI əsrin əvvəllərində növbəti Türkiyə Rusiya yaxınlaşması Azərbaycan üçün Qarabağın qaytarılması ilə nəticələnə bilər. Hər halda Cənubi Qafqazda hadisələrin gedişatı sürətlənir. Hadisələrin gedişatının sürətlənməsi bu dəfə deyəsən Ermənistanın xeyrinə işləmir. Onu da qeyd edim ki, bu günlərdə Qırğızıstanda türkdilli ölkələrin növbəti sammiti keçirildi. İnanıram ki, yaxın vaxtlarda bu türkdilli ölkələr deyil, türk ölkələrinin sammiti adlanacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31