Ermənistan yeni siyasi kataklizmlərə sürüklənir

İşğalçı ölkədə hakimiyyət böhranı, xaos, anarxiya hökm sürür

Ermənistanda daxili siyasi ziddiyyətlər yenidən açıq müstəviyə keçib. Diqqəti çəkən məqamlardan biri də odur ki, bütün bunlar ölkədə yaşanan dərin iqtisadi böhran, işsizlik, yerli əhalinin maddi sıxıntı səbəbindən kütləvi şəkildə bu işğalçı ölkəni tərk etməsi fonunda baş verir. Bu isə rəqib siyasi qüvvələr arasında mövcud rəqabəti daha da kəskinləşdirir. Ermənistan artıq kölgə iqtisadiyyatının, cinayətkarlığın hökm sürdüyü ölkə çevrilib. Paşinya iqtidarına müxalifətdə olan qüvvələr əhalinin mövcud narazılığından faydalanaraq parlamentdə mütləq çoxluğu əldə etməyə səy göstərir. Ümumilikdə işğalçı Ermənistanda "kölgə iqtisadiyyatı"nın üstünlüyü, iqtisadi cinayətkarlığın hökm sürməsi heç kəsə sirr deyil. O da bəllidir ki, formal suverenlik atributlarına malik olmasına baxmayaraq, bu ölkə nə siyasi, nə də iqtisadi cəhətdən müstəqil deyil. Ölkənin əsas sənaye müəssisələri artıq neçə illərdir ki, Rusiya tərəfindən ucuz qiymətə satın alınıb. İqtisadi infrastruktur və xidmət sektoru iflic vəziyyətindədir. İqtisadi sahədə hər hansı artım, irəliləyiş yoxdur, əksinə, durğunluq və geriləmə hökm sürür. Siyasi ekspertlər hesab edirlr ki, əgər Ermənistanda siyasi proseslər indiki kimi davam edərsə, bir neçə aydan sonra ölkədə daxili vəziyyət yenidən gərginləşəcək. O da nəzərə alınmalıdır ki, işğalçı ölkədə klanlar arasında gərginlik pik  həddə çatıb. Ermənistanda hadisələrin gedişi göstərir ki, Paşinyan hakimiyyəti üçün ölkəni idarə etmək asan deyil, hətta vəziyyət artıq nəzarətdən çıxıb. Sirr deyil ki,  "məxməri inqilab"dan sonra belə Ermənistanın geriyə addımlamaqda davam edir. Buna əsas səbəb "Qarabağ klanı"nın "İrəvan klanı"na qarşı hərəkətə keçmək üçün səfərbər olması, Robert Köçəryan ətrafında qüvvələrini cəmləşdirməsidir. Bundan ehtiyat edən yeni hökumət sabiq prezidenti yenidən həbsə göndərməyə çalışır. Ermənistan mətbuatı yazır ki, həbsdən qaçmaq üçün Köçəryanın ölkəni tərk etməsi mümkündür. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müalicə olunmaq üçün Almaniyaya getməyə hazırlaşır. Onun vəkili Aram Orbelyanın sözlərinə görə, Koçaryanın ölkədən çıxması məsələsində texniki problem var: "O, hazırda Ermənistandadır. Robert Koçaryanın ölkəni tərk etməsi məsələsində şübhəli məqamlar var və onu araşdırırıq. İstintaq orqanı şifahi olaraq, belə bir məhdudiyyətin olmadığını bildirir, ancaq bu məhdudiyyət qalmaqdadır". Şübhəsiz ki, Köçəryanın ölkəni tərk etmək niyyəti istintaqın aparılmasına mane olmaq, məhkəmə iclasını aparan qurumdan gizlənmək cəhdi kimi qiymətləndirilərək barəsində həbs qətiimkan tədbirinin seçilməsinə zəmin yarada bilər. Köçəryan isə Paşinyan iqtidarına qarşı hərəkətə keçməkdə israrlıdır və bir sıra üstünlüklərə də malikdir. Hesab edilir ki, o, Paşinyanın parlamentdəki mövqeyinin zəifliyindən istifadə etməyə çalışacaq. Artıq Respublika və "Daşnaksütyun" partiyaları Köçəryanı dəstəkləyir. Belə vəziyyət isə Baş nazirə qarşı impiçment prosedurunu başlatmağa imkan verir. Nəzərə almaq lazımdır ki,

Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurslar hələ də tam şəkildə onun xeyrinə deyil. Siyasi ekspertlərin qənaətinə görə, Ermənistanda meydana çıxan hakimiyyət böhranının və siyasi, iqtisadi tənəzzülün əsasında duran başlıca amil bu ölkə rəhbərliyinin həyata keçirdiyi yarıtmaz və işğalçı siyasətdir. Millət vəkili Aydın Hüseynov deyib ki, işğalçı və təcavüzkar siyasət Ermənistanın blokada vəziyyətinə düşməsinə səbəb olub, bu ölkədə sosial-iqtisadi və demoqrafik böhran hökm sürür: "Bu gün Azərbaycanda Ermənistan əhalisinin sayı qədər, yəni 2 milyon iş yeri açılıb. Azərbaycanda əhali hər il 100 min nəfər artırsa, Ermənistanda 100 mindən çox insan ölkəni tərk edir. Ermənistan iqtisadiyyatı tamamilə dağılıb, ölkədə yoxsulluq və səfalət pik həddə çatıb".Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası və uğurlu siyasət nəticəsində Ermənistan dalana dirənib, bütün regional layihələrdən təcrid durumuna düşüb və faktiki olaraq manevr imkanları tükənib. 2016-cı ilin aprel döyüşlərinin nəticəsi isə Ermənistan cəmiyyətində isterikanın yaranmasına səbəb oldu. Ermənistan və onun havadarları anladılar ki, Azərbaycan güclü, qüdrətli dövlətdir və işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı. Erməni mətbuatında mütəmadi olaraq dərc olunan yazılarda bu ölkənin siyasi dairələrinin təşviş içində olduğu, Azərbaycan Ordusunun gücü qarşısında erməni silahlı qüvvələrinin acizliyi diqqətə çatdırıldı. Bütün bu reallıqların fonunda erməni cəmiyyəti anlayır ki, Ermənistanın çıxış yolu yolu işğalçı siyasətdən imtina etməkdir. Bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək". Sonda qeyd edək ki, Ermənistanda  hökm sürən böhran və tənəzzülün daha da dərinləşəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Mövcud reallıqlar deməyə əsas verir ki, Ermənistan yeni siyasi kataklizmlərə sürüklənir. Çünki, hazırda işğalçı ölkədə hakimiyyət böhranı, xaos, anarxiya, böhran və tənəzzül hökm sürür. Bütün bunların əsasındaişğalçı siyasət dayanır. Odur ki, Ermənistanın yeganə xilas yolu işğalçı siyasətdən əl çəkmək və qonşu ölkələrlə münasibətləri bərpa etməkdir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31