Azərbaycan türkdilli dövlətlərlə siyasi və iqtisadi əməkdaşlıqda maraqlıdır - ŞƏRH
4 Sentyabr 2018 12:42 SiyasətTürkdilli dövlətlər birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə edirlər
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı. Etiraf edilməlidir ki, ölkə başçısının Qırğızıstan səfəri siyasi və iqtisadi baxımdan Azərbaycanın maraqlarına xidmət edir. Prezident İlham Əliyev səfər çərçivəsində keçirdiyi görüşlər, səsləndirdiyi bəyənatlarla birmənalı şəkildə ölkəmizin milli və dövlət maraqlarını tədbir iştirakçılarına çatdırmış oldu. Xüsusən, Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündəki çıxışında Azərbaycanın yaxın və uzaq hədflərini, xarici siyasət və iqtisadi əməkdaşlıq məslələrindəki mövqeyini ortaya qoymuş oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd etdi ki, hazırki şəraitdə regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır: "Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi münaqişə ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə torpaqlarımız işğaldan azad olunacaq. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır. Onu da qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır".
Türkdilli dövlətlərlə iqtisadi əməkdaşlıq məsələsinə toxunan dövlət başçısı bütün dost ölkələri Bakı-Tbilisi-Qars dəmir yolumdan istifadə etməyə çağırıb: "Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir".
Millət vəkili Aydın Mirzəzadə deyib ki, dünyada dil faktoru ilə yaranan üç beynəlxalq təşkilat (ingilisdilli, fransızdilli və türkdilli) var. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bu gün özünü beynəlxalq aləmdə təsdiqləmiş çox nüfuzlu bir təşkilata çevrilib. İlk növbədə türkdilli dövlətlərin siyasi, iqtisadi əməkdaşlığını, beynəlxalq birlikdə fəaliyyət göstərmək məramını və həmçinin rastlaşdıqları problemlərin həllinə həmrəylik dəstəyi nümayiş etdirmək bu gün təşkilatın ümdə vəzifəsidir. Onun sözlərinə görə, ötən müddət ərzində təşkilat özünü tamamilə elan etdiyi prinsiplərə uyğunluğunu təsdiq edə bilib: "Azərbaycan bu təşkilatın fəaliyyətində yaxından iştirak edir. Həm çoxtərəfli əməkdaşlıq, həm də təşkilat daxili ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətində bu gün əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, türkdilli dövlətlər Azərbaycanla əməkdaşlığa yüksək qiymət verirlər. Bu dəfəki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI sammiti ilk növbədə təşkilatın sıralarının genişlənməsi ilə yadda qaldı. İlk dəfə olaraq Özbəkistan və Macarıstan müşahidəçi statusunda bu yüksək tədbirdə iştirak etdilər. Gələcəkdə isə onların artıq Şuraya üzv olması gözlənilir. Həmçinin Rusiyanın Tatarıstan prezidenti ilə təmsil olunması da Rusiyanın bu təşkilata böyük diqqət etdiyini və bu təşkilatla tamam yeni bir əlaqələr sistemi qurmaq istədiyini göstərir. Azərbaycan üçün bu təşkilatda üzvülük və fəaliyyət olduqca önəmlidir. Bu ilk növbədə türkdilli dövlətlərin birliyinin yaranması, əməkdaşlığın həyata keçirilməsi, beynəlxalq birlikdə fəaliyyət göstərməyin unikal bir imkanıdır. İkincisi, isə bu cür görüşlər əlbəttə ki, siyasi, iqtisadi, hərbi texniki, eyni zamanda hümanitar sahədə əməkdaşlığın yeni formalarını tapmağa kömək edir. Əlbəttə Azərbaycan üçün vacib olan məsələlərdən biri onun Dağlıq Qarabağ probleminin bir daha dost ölkələrin nəzərinə çatdırılmasıdır. Sevindiricidir ki, türkdilli dövlətlər birmənalı şəkildə bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edirlər və Ermənistanın işğalını pisləyirlər. Bu sammit təşkilatın tarixində çox əhəmiyyətli qərarlardır və təşkilatın nüfuzunun daha da artması tədbiri kimi yadda qalacaq".
Alim