Bəhruz Quliyev: “Prezident İlham Əliyevin bu səfəri Azərbaycan və Rusiya dövlətləri arasında mövcud olan əməkdaşlığın ən yeni tarixini yazmış oldu”
4 Sentyabr 2018 11:43 Siyasət"Prezident İlham Əliyevin sentyabrın Rusiyaya rəsmi səfəri və bu səfər çərçivəsində iki ölkə arasında əldə edilən razılaşmalar bir daha sübut edir ki, dövlətlərarası münasibətlər fonunda Azərbaycanla Rusiya Federasiyası hər zaman dinamik inkişafın tərəfdarı olaraq çıxış ediblər". Bu fikirləri Olaylar.az -a siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini bildirərkən deyib. Siyasi ekspert hesab edir ki, istər prezidentlərin birgə bəyanatları, istərsə də imzalanmış saziş və memorandumlar bu əməkdaşlığın strateji inkişaf xətti üzərində qurulmasına olan danılmaz sübutdur: "Belə ki, Prezident İlham Əliyevin rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin etimadlılıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi ilə yanaşı, Rusiyanın dövlət başçısı Vladimir Putinin də eyni mövqeyi bölüşməsi, xüsusilə regional təhlükəsizlik, hərbi-siyasi, iqtisadi, humanitar və s. sferalar üzrə Azərbaycanla sıx əlaqələr qurulmasında maraqlı tərəf olaraq çıxış etməsi bu münasibətlərin daha da artmasına impuls verməkdədir". "Hesab edirəm ki, əməkdaşlıq çərçivəsində Rusiya ilə Azərbaycan hökumətləri arasında imzalanan 2024-cü ilə qədər Əməkdaşlıq Proqramını və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını - "Yol xəritəsi" qeyd edilən fikirlərin təməlini təşkil edir", deyə bildirən Bəhruz Quliyev bu sənədlərin ölkələrimiz arasındakı əməkdaşlığın konseptuallığını, eləcə də aktuallığını bundan sonra da qüvvədə saxlayacağını bildirib: "Hətta deyərdim ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan və Rusiya dövlətləri arasında mövcud olan əməkdaşlığın ən yeni tarixini yazmış oldu. Faktlara müraciət edərsək, bu reallıqların şahidi olarıq. O cümlədən, Rusiyanın Azərbaycanla strateji əməkdaşlığı amili ölkəmizin regional siyasətdə tutduğu əsaslı mövqeyinin göstəricisi kimi də qiymətləndirilə bilər. Ümumilikdə götürərsək, həm Azərbaycan, həm də Rusiya dünyanın zəngin enerji resurslarına sahib olan ölkələr sırasında yer alırlar. Azərbaycanın həyata keçirdiyi bütün layihələr, xüsusilə enerji layihələri həm ölkəmizin həm də Rusiyanın iqtisadi maraqlarına cavab verməkdədir. Həmçinin, Azərbaycan regionda balanslaşdırıcı güc rolunu oynayan dövlətdir və ölkələr arasında formatların yaranmasında əhəmiyyətli təşəbbüskar kimi qiymətləndirilir". Ekspert, prezidentlərin Dağlıq Qarabağ mövzusunda verdikləri bəyanata da toxunaraq bildirib ki, bu mövzuda çıxış edən Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməklikləri göstərməkdə davam edəcəyini bildirib və bu faktor Azərbaycanın beynəlxalq aləmdə və regionda artan önəminə olan işarədir: "Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə bəyan edib ki, ölkəmiz sabitliyin, sülhün tərəfdarı olaraq çıxış edir və bu istiqamətdə siyasi fəaliyyətini davam etdirir. Rəsmi Moskvanın da bu istiqamətdəki fallığının, marağının artması söz yox ki, münaqişənin həll olunmasında vacib rolunu alacaq"