Musa Qasımlı: “Rusiya Azərbaycanın xarici ticarətində mühüm yer tutur"

"Cənab Prezidentimiz İlham Əliyevin Rusiya Federasiyasına səfəri, Prezident Vladimir Putin ilə keçirdiyi görüşlər, müzakirə edilən məsələlər və imzalanan sənədlər böyük əhəmiyyət daşıyır".

Bunu millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətləri bir sıra amillər şərtləndirir: "Azərbaycan və Rusiya qonşudurlar, uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin tərkibində ittifaq respublikaları olublar. Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus icması vardır. Rus icması üçün bütün şərait yaradılıb. Azərbaycan məktəblərində rus bölməsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, saytlar, radio və televiziya proqramları vardır.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra iki ölkə arasında münasibətlər böyük inkişaf yolunu keçib. Münasibətlərin hüquq-müqavilə bazası, maddi təməlləri formalaşıb. Rusiya Azərbaycan Respublikasının xarici ticarətində mühüm yer tutur. Azərbaycan Respublikası daim Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək əzmində olub. Dövlətlərarası, hökumətlərarası və idarələrarası çoxlu sənədlər imzalanıb. Strateji tərəfdaşlıq münasibətləri yaranıb. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq var. Rusiya Federasiyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir.

Cənab Prezidentin səfəri iki ölkə arasında münasibətlərə yeni dinamizm verəcək. Əməkdaşlıq daha da genişlənəcək. Rusiyada hələ də Ermənistanı müdafiə edən bəzi dairələr və şəxslər başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə məhz Azərbycan Respublikasıdır. Ermənistan və Rusiyada yaşayan ermənilər isə Rusiyanın ayaqlarının altını qazır, ona arxadan zərbə vururlar.

Rusiyanın böyük dövlət olmasının yolu Azərbaycan Respublikası ilə ən yaxşı münasibətlərdən keçir. Bunun üçün ilk növbədə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etmək və Azərbaycan ərazilərinin işğalı faktını aradan qaldırmaq lazımdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31