"Azərbaycan-Rusiya münasibətləri müsbət istiqamətdə davam etməkdədir" - AÇIQLAMA
3 Sentyabr 2018 13:57 Siyasət"Azərbaycan-Rusiya əlaqələri uzun illərə söykənir. İki ölkə arasında mühüm əməkdaşlıq, tərəfdaşlıq münasibətləri hər zaman müsbət istiqamətdə davam etməkdədir".
Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, səfər çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr, xüsusilə də dövlət başçıları tərəfindən səsləndirilən fikirlər ölkələr arasında mövcud olan sıx münasibətlərin əsas göstəricisidir: "Xüsusilə də Rusiya prezidenti Vladimir Putinin "Azərbaycan bizim Cənubi Qafqazda strateji tərəfdaşımız, müttəfiqimizdir" fikri ölkələr arasında əməkdaşlığa verilən yüksək dəyər və arzu olunanadır. Çünki Azərbaycanla-Rusiya qonşu dövlət olmaqla yanaşı, iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə qırılmaz əlaqələrə malikdir".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin qorunması üçün əvəzsiz dəyəri var: "Eyni zamanda Prezident İlham Əliyev hər zaman olduğu kimi bu səfər çərçivəsində də ərazi bütövlüyümüzün təmini, torpaqlarımızın uzun illərdir Ermənistanın işğalı altında olması ilə bağlı öz qətiyyətli fikrini ortaya qoydu və bu məsələdə Rusiyanın səylərindən söhbət açıldı".
E.Məmmədov qeyd edib ki, bu gün Ermənistan iqtisadiyyatının 80 faizi Rusiyadan asılı vəziyyətdədir: "Bu gün işğalçı ölkənin hava məkanı, sərhədlərinin xeyli hissəsi Rusiya tərəfindən qorunur, onların təhlükəsizlik, silah-sursat təminatı Rusiya tərəfindən həyata keçirilir. Lakin artıq Rusiya özü də etiraf etdi ki, onların Cənubi Qafqazda yeganə etibarlı tərəfdaşı, sədaqətli müttəfiqi məhz Azərbaycandır. Ümumilikdə bu səfəri yüksək dəyərləndirir, Azərbaycan vətəndaşı olaraq bu səfərdən Dağlıq Qarabağ probleminin ədalətli həlli yolunda mühüm addımlar gözləyirəm".
Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi orada yaşayan soydaşlarımız üçün də mühümdür: "Bildiyiniz kimi, Rusiyada bizim çoxsaylı vətəndaşlarımız yaşayır, müxtəlif sahələrdə çalışır, fəaliyyət göstərirlər. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı təbii ki, onlar üçün də xüsusi əhəmiyyət kəsb edir".
SİA