Azərbaycan beynəlxalq miqyasda cərəyan edən proseslərə öz töhvəsini verir
3 Sentyabr 2018 13:40 SiyasətÖlkəmiz dünyada sülhyaratma missiyalarında, terrorizmə qarşı mübarizə tədbirlərində fəal iştirak edir
Dünya qloballaşdıqca xalqlar və ölkələr arasında dialoqa zəmin yaradacaq təbii alətlərə ehtiyac yaranır. Bu alət məhz Azərbaycanın təklif etdiyi müxtəlif mədəni dəyərlərə əsaslanmaqla qarşılıqlı hörmət əsasında dialoqun aparılmasıdır. Məhz müxtəlif mədəni dəyərlərin birgə yaşamasına önəm verilməsi təbii yolla münaqişələrin yaranmamasına gətirib çıxarda bilir. Azərbaycan öz təcrübəsində bunu bütün dünyaya sübut etməkdədir. Azərbaycanda dinc, birgə yaşayış və inkişafın səbəblərindən biri də ölkədə müxtəlif milli və dini dəyərlərin qarşılıqlı hörmət əsasında birgə yaşayışının təmin edilməsi və ölkə rəhbərliyinin buna xüsusi diqqət və qayğısının nəticəsidir. Sirr deyil ki, müasir qloballaşan dünyada geosiyasi sabitliyə, balanslaşdırılmış siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür. Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Bu baxımdan Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dünyanın güclü dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti xalqın istəyinə uyğundur. Ölkəmizin xarici siyasətdə əsas götürdüyü prioritetlər də məhz xalqımızın milli mənafeyinə xidmət edir. Qərb siyasi dairələri də artıq etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatların fəal üzvü və qurucusudur: dövlətimiz BMT, ATƏT, Avropa Şurasının üzvü, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Ölkəmiz eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucularından biridir.
Düşünülmüş uğurlu dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır. Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Ölkə prezidentinin xarici siyasət konsepsiyasında Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli şəkildə həlli mühüm yer tutur. Dövlət başçısının münaqişənin həlli yönündə apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyəsində ifşa edilir və nəticə etibarı ilə bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar və terrora rəvac verən bir dövlət kimi tanıyırlar. Bütün əhəmiyyətli beynəlxalq layihələrdən kənarda qalan, iqtisadi və siyasi böhranla üz-üzə duran Ermənistan bu günə kimi BMT-nin 4 qətnaməsini hələ də yerinə yetirmir, bu rəsmi sənədlərin tələblərinə əməl etmir, AŞPA və ATƏT-in qətnamələri və hesabatlarına məhəl qoymur, qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin həlli istiqamətində danışıqlar prosesini bilərəkdən uzadır, verdiyi öhdəlikləri yerinə yetirməməklə bərabər, təmas xəttində təxribatlar törətməklə özünün təcavüzkar mövqeyini nümayiş etdirməkdən çəkinmir.
2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq böyük tarixi uğura imza atmışdır. Ölkəmizin 26 illik müstəqilliyi dövründə bu cür böyük nailiyyətin əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Bu tarixi hadisə onu deməyə əsas verir ki, Azərbaycan dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmuş, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aparıcı qüvvələrindən birinə çevrilmişdir. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan tarixi köklərindən qaynaqlanan və həyat tərzinə çevrilmiş multikulturalizm ideyalarını ortaya qoyaraq bu siyasətin alternativinin olmadığını əyani şəkildə sübuta yetirmiş, dünyada sülhün və təhlükəsizliyin qarantına çevrilmişdir. Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə və mehriban yaşadığı tolerant bir ölkə kimi tanınır, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhvələr verir. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət töhfələr verməyə çalışır. Respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir.S.Fətəliyeva bildirib ki, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Onun sözlərinə görə, son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına, beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi bir ənənə halını alıb: "Bütün bunlar beynəlxalq səviyyədə respublikamıza olan yüksək inamın təzahürüdür. Təsadüfi deyil ki, qlobal miqyasda Azərbaycanın dostlarının sayı getdikcə artır və ölkəmizin dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə göstərdiyi səyləri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür".
Zəka