Moskva-Bakı münasibətlərində yeni mərhələ
3 Sentyabr 2018 12:54 SiyasətVə strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək Soçi görüşü
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu rəsmi Bakını yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda dünyanın aparıcı dövlətlərinin maraq dairəsinə, strateji tərəfdaşına çevirib. Müntəzəm olaraq xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəımizə səfərləri, burada keçirilən səmərəli danışıqlar və qarşılıqlı faydalı əməkdaşlığa dair imzalanan sənədlər fonunda bunu əyani görə bilirik.
Günümüzdə Azərbaycan həm Qərb, Avropa, həm də şimal qonşumuz olan Rusiya ilə normal münasibətlər, əlaqələr qurub ki, bu da hər iki cəbhədə, tərəfdə normal qarşılanır. İstər Rusiya, istərsə də Qərb Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşır. Necə ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüsselə səfəri zamanı həm Avropa İttifaqı, həm də NATO ilə səmərəli danışıqlar aparmasını Rusiya normal qəbul edərək Bakının mövqeyinə hörmətlə yanaşdı, eləcə də bu günlərdə dövlət başçımızın Rusiya Federasiyasının Soçi şəhərində Kreml rəhbəri Vladimir Putinlə keçirdiyi görüş və iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Qərbdə, Avropada heç bir qıcıq yaratmadı, normal qəbul edildi. Bunun isə başlıca səbəbi yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın diplomatic nümasibətlər sistemində balanslaşdırılmış xarici siyasət kursuna üstünlük verməsidir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərinə hazırlıqlar uzun müddət idi ki, davam edirdi. Hələ Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi zamanı Kreml rəhbəri Vladimir Putin bu səfərin anonsunu vermiş və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şimal qonşıumuza səfəri zamanı iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə dair geniş və ətraflı fikir mübadiləsinin aparılacağını bildirmişdi. Beləliklə, gözlənilən səfər baş tutdu və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan dövlət başçısı Cənab İlham Əliyev arasında Soçidə görüş keçirildi. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. Dövlət başçılarının görüşdən sonra mətbuata verdikləri açıqlamalardan da aydın olurdu ki, həm Moskva, həm də Bakı hazırkı münasibətlərdən razıdır. Eyni zamanda ikitərəfli münasibətləri. Qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hər iki tərəf olduqca maraqlıdır. Bunun üçünsə kifayət qədər potensial var.
Elə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də dövlət başçımızın səfərinin və Soçidə keçirilən danışıqların səmərəliliyini vurğulayaraq Soçi görüşü və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyini diqqətə çatdırıb: "Danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək.Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək".
Rusiya Prezidenti vurğulayıb ki, Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib: "İlk növbədə əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir".
Azərbaycan tərəfi də Soçi görüşü və danışıqlarından razıdır. Dövlət başçımız da rusiyalı həmkarı kimi Soçi görüşünün əhəmiyyətini vurğulayarkən səsləndirdiyi fikirlərdən belə aydın olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir: "Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı".
Xüsusilə, rəsmi Bakı üçün əsas önəm kəsb edən məsələ Dağlıq Qarabağ problemidir ki, Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşdə sözügedən məsələ də müzakirə edilib. Nəzərə alsaq ki Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir, o zaman Soçidə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqları mühüm əhəmiyyətli hesab etmək olar. Eyni zamanda bundan sonra şimal qonşumuzun problemin həlli istiqamətində fəallığının bir qədər də artacağına ümid bəsləyə bilərik. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu məsələni xüsusi olaraq qeyd edib: Dövlət başçısı ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səyləri davam edəcək: "Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır". Dövlət başçısı qeyd edib ki, bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək".
Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidentinin Soçiyə səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlər imzalanıb. Belə ki, iki ölkənin dövlət başçılarınn imzaladığı "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat"la yanaşı, "Rosneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında "Qoşadaş" blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş", "Rosneft" Neft "Azərbaycanda "QAZ" kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş", "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi", "Qazprombank" Səhmdar Cəmiyyəti, "Rusiya İxrac Mərkəzi" Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol", "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş", "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş", "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı" və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı" imzalanan sənədlər arasında yer alıb.
Ümumilikdə götürəndə Azərbaycan Prezidentinin şimal qonşumuza səfəri və Soçidə keçirilən görüşü, eləcə də iki ölkə arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanmasını əhəmiyyətli hesab etmək olar. Və haqlı olaraq Soçi görüşü Rusiya-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilir. Elə əksər ekspertlər də hesab edirlər ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri ölkəmiz üçün uğurlu oldu. Eyni zamanda o da qeyd edilir ki, bu səfər Azərbaycan qədər, Rusiya üçün də əhəmiyyətlidir. Bir sözlə Azərbaycanla yanaşı, Rusiya da bu səfərə maraqlı idi. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfərinə böyük diqqət var idi. Onun sözlərinə görə, Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər və həmin görüşdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyinin anonsunu vermişdi: "Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-ə keçirildi. Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı. Birinci yanaşma. Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır".
Politoloq deyib ki, Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: "Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik". İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi Görüş yekunlaşqıddan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: "Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək". Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.
Süleyman