Putin Paşinyanı devirmək üçün start düyməsini basdı
31 Avqust 2018 18:10 SiyasətRusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana telefonla zəng edib.V.Putin avqustun 31-də 64 yaşı tamam olan sabiq prezidenti təbrik edib. Maraqlı məqam ondan ibarətdir ki, hakimiyyətdə olan president eks-prezidentə zəng edərək ad gününü təbrik edir. Əslində isə bu addımın arxasında ciddi siyasi maraqların dayandığı bildirilir. Siyasi ekspertlərin qənaətinə görə, Rusiya prezidenti bunula Ermənistanın baş naziri Nikola Paşinyanın hakimiyyətdən getməsi üçün yaranacaq şəraitin əsasını qoyub. Əslində Putinin bunun üçün kifayət qədər əsasları var. Nəzərə almaq lazımdır ki, baş nazir kimi Paşinyan indiyə qədərki fəaliyyəti ilə Kremili çox əsəbləşdirib. O, Rusiya ilə xoş münasibətlərini davam etdirəcəyini bildirsə də, real fəaliyyətində birmənalı şəkildə Qərblə yaxınlığı ilə seçilir. Daha dəqiq, onun atdığı addımlar Qərblə daha yaxınlaşmağa, Rusiya ilə isə uzaqlaşmağa hesablanıb. Reallıq ondan ibarətdir ki, Paşinyan Qərbin rəğbətini qazanmaq üçün konkret addımlar atmaqla məşğuldur.
Sirr deyil ki, Ermənistanın dövlət kimi yaranması, onun müstəqil dövlət kimi dünyaya tanıdılmasında Rusiyanın müstəsna rolu var. Əgər Rusiya olmasaydı, Kremilin özünəməxsus Qafqaz siyasəti olmasaydı Ermənistan dövlət kimi mövcud olmazdı. Bu baxımdan Rusiyanın Ermənistanı əldən verəcəyi real görünmür. Heç şübhəsiz ki, Ermənistanı əldə saxlamağın əsas yollarından biri bu ölkədə Kremilin siyasətini həyata keçirəcək siyasətçilərin hakimiyyətdə olmasıdır. Putinin eks-prezident Köçəryanı təbrik etməsi də məhz Paşinyana bir mesajdır ki, Ermənistan Rusiyaya məxsusdur, bu ölkə Rusiyanın for-postu, bir əyalətidir.
Putinin bu addımı Paşinyanla yanaşı, erməni ictimaiyyətinə də bir mesajdır. Nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan qopmaq ideyası təkcə Paşinyana məxsus deyil. Paşinyan əslində erməni cəmiyyətindəki mövcud əhval-ruhiyəni ifadə edir. Ermənistan cəmiyyti çox gözəl başa düşür ki, Rusiyadan asılılıq, Rusiyanın for-postu olmaq dövlət olaraq Ermənistana heç nə vermir. Hazırda Ermənistan şərti dövlət olaraq siyasi, iqtisadi və hərbi tənəzzül dövrünü yaşayır. Sadalanan faktları nəzərə alan Paşinyan həm də Ermənistan cəmiyətinin müəyyən kəsiminin fikirlərini ifadə edərək Rusiyaya "arxa çevirir".
Qətiyyətlə demək olar ki, Rutinin təbrik zəngi Ermənistanda gərgin hadisələrin yaşanması üçün zəmin olacaq. Sözügedən zəng təkcə Köçəryan üçün deyil, eləcə də Paçinyana müxalif olan qüvvələrin bir araya gəlməsinə işarədir. Artıq bunun ilkin işartıları indidən görünməkdədir. Bu arada xatırladaq ki, eks-pezident R.Koçaryan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib: "Siyasətə qayıtdığımı elan etmişəmsə, buna uyğun olaraq, seçkilərə də qatılacağam". Onun sözlərinə görə, hazırkı mərhələdə onun siyasətdəki iştirakının formatını müzakirə etmək çox tezdir, çünki bunun üçün hələ kifayət qədər vaxt var: "Vəziyyət çox sürətlə inkişaf edir. Hesab edirəm ki, format məsələsini açıq saxlamaq lazımdır". Sabiq prezident gələcək siyasi mübarizədə Respublika Partiyası və "Çiçəklənən Ermənistan" Partiyası ilə birlikdə hərəkət edəcəklərini də istisna etməyib. Bu isə Paşinyandan narazı qüvvələrin ortaq məxrəcə gəlmələrinə dəlalət edən amillərdən hesab olunur.
Paşinyanın isə "yeni cəbhə"nin həmləsinə tab gətirəcəyi inandırıcı görünmür. Çünki, Koçaryan yalnız bəzi nüfuzlu şəxslərin deyil, həm də siyasi güclərin dəstəyindən istifadə edəcəyi şübhəsizdir. Koçaryanın Paşinyana qarşı yeni siyasi güc yaradacağı, yaxud da artıq mövcud olan partiyalardan koalisiyanı formalaşdıracağı gözləntilər sırasındadır. Təbii ki, müxtəlif maraqlar güdən "Qarabağ klanı"nı birləşdirən əsas amil Robert Koçaryanın əsas güc mərkəzinə çevriləcək. Yeni hakimiyyət tərəfindən sıxışdırılan güclərin meydana çıxması işğalçı ölkə üçün faciə ilə nəticələnəcəyi heç kimdə şübhə doğurmur. Üstəlik, erməni diasporunun da Paşinyanın siyasətindən narazı olduğu bildirilir. Bir sözlə, işğalçı ölkədə yaxın həftələr və ya aylarda olduqca ciddi qarşıdurmaları izləməli olacağıq. Hakimiyyətə gələndən sonra atdığı addımları ilə Moskvanı da özündən küsdürən Paşinyanın yaradılması gözlənilən yeni cəbhə qarşısında duruş gətirəcəyi heç də inandırıcı görünmür.
Politoloq Elçin Mirzəbəyli bildirib ki, indiki şəraitdə Rusiyanın dövlət başçısının Köçəryana doğum günü münasibətilə zəng etməsi əslində ona birbaşa dəstək kimi qiymətləndirilməlidir: "Eyni zamanda bu Paşinyanın özünə də sərt bir mesajdır. Düşünürəm ki, bu mesaj Ermənistan cəmiyyətindəki ziddiyyətləri bə böhranı daha da dərinləşdirəcək".
Alim