"Ölkəmizin əldə etdiyi uğurlar xarici siyasət istiqamətində də özünü göstərir" - AÇIQLAMA
31 Avqust 2018 13:25 Siyasət"Azərbaycanın dövlətçiliyinin inkişafında əldə etdiyi uğurlar onun xarici siyasət istiqamətində də özünü göstərir".
Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Azərbaycana xarici ölkələrin rəhbərləri, hökumət üzvləri, şirkət rəhbərlərinin səfər etdiyini deyən deputat bildirib ki, onlar ölkəmizlə həm siyasi, həm də iqtisadi əlaqələrin möhkəmlənməsində maraqlıdırlar: "Bu gün Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvüdür. Ölkəmiz təkcə regionun deyil, eyni zamanda yerləşdiyi böyük bir arealda ciddi söz sahibidir. Bundan başqa ölkəmizin iqtisadiyyatının möhkəmlənməsi, Azərbaycanın mühüm layihələrin təşəbbüsçüsü olması bir çox ölkələrin marağındadır".
A.Mirzəzadə söyləyib ki, dünya ölkələrinin Azərbaycana olan marağı təsadüfi yaranmayıb: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik siyasəti bu gün öz müsbət nəticəsini verməkdədir. Ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, Ümummilli Liderin kursunun daha da möhkəmləndirilməsi Azərbaycana böyük uğurlar gətirir. Bu gün bütün dünya ölkəmizin öz dövlətçiliyini möhkəmləndirdiyinin, iqtisadiyyatını gücləndirdiyinin, ölkə qarşısında duran problemlərin uğurla həllinin şahididir".
Deputat qeyd edib ki, bu gün Azərbaycan təcrübəsinə böyük maraq var: "Bu təcrübənin müsbət nəticə verdiyini, həm qonşu, həm digər ölkələr yaxşı müşahidə edirlər. Bir-birinin ardınca Almaniyanın Kansleri Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın və Gürcüstanın baş naziri Mamuka Baxtadzenin ölkəmizə səfər etməsi Azərbaycanın bundan sonra da çox sayda dostlar qazanacağı, ölkəmizin dünyada söz sahibi olacağını bir daha yəqin edir".
SİA