"Azərbaycanın dünya ölkələri ilə münasibətləri möhkəmlənir" - MÖVQE

"Prezident İlham Əliyevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində sıçrayışlı inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb".

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini artırıb.

Onun sözlərinə görə, artıq Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır: "Təkcə avqust ayında ölkəmizə Almaniya Kansleri xanım Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Binəli Yıldrımın, Gürcüstanın Baş Naziri cənab Mamuka Baxtadze və başqa ölkələrin rəsmilərin intensiv səfərləri onu deməyə imkan verir ki, Azərbaycan dünya üçün vacib aktora çevrilib".

Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edən A. Badamov vurğulayıb ki, bu, ölkəmizin dünyada dostlarının sayını artırır: "Ölkəmizə səfərə gələn hər bir dövlət rəhbəri Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi yüksək uğurlardan və ölkəmizlə strateji əməkdaşlıq etmək imkanlarında geniş danışır. Bu ölkəmiz üçün böyük nailiyyətdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31