"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra daha da dərinləşəcək" - ŞƏRH
30 Avqust 2018 14:35 Siyasət"Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın spiker statusunda ilk olaraq Azərbaycana səfər etməsi Azərbaycan-Türkiyə münasibətlərinin göstəricisidir".
Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
Azərbaycanla Türkiyə arasında əlaqələrin çox şaxəli olduğunu deyən politoloq bildirib ki, iki ölkə arasında həm dövlət başçıları, həm hökumətlər, həm də parlament üzvləri arasında səmimi, dostluq münasibətləri mövcuddur.
F. Sadıqovun sözlərinə görə, Türkiyə spikerinin ölkəmizdə keçirdiyi bir sıra görüşlər iki ölkənin yaxın münasibətlərini daha da dərinləşdirəcək və yeni səviyyəyə qaldıracaq: "Biz bilirik ki, Türkiyənin yeni spikeri Binəli Yıldırım Türkiyə dövlət başçısını Rəcəb Tayyib Ərdoğanın yaxın tərəfdaşı, siyasi xadimdir. Bu baxımdan onun ölkəmizə səfəri iki ölkə arasında olan münasibətlərin inkişafı yolunda yeni mərhələ açır".
Politoloq qeyd edib ki, iki ölkə arasında mövcud əlaqələrin inkişafı və bir sıra mühüm layihələrdə birgə iştirak etməsi həm Türkiyə, həm də Azərbaycanın maraqlarına uyğundur: "Mən şübhə etmirəm ki, bizim bundan sonra da ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə daha da genişlənib, dərinləşəcək".
SİA