“Türkiyə ilə Azərbaycan əməkdaşlığı daha da güclənəcək" - MÖVQE
29 Avqust 2018 17:28 Siyasət"Hər bir seçkidən sonra ilk xarici səfərin Azərbaycan olması artıq qardaş ölkə Türkiyədə ənənə halını alıb. Bu cür ənənənə Azərbaycanda da yaranıb. Azərbaycan-Türkiyə münasibətlərində "Bir millət iki dövlət" düsturu əsas sistemli forma daşıyır".
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Türkiyə parlamentinin spikerinin ölkəmizə səfərinin həm parlamentlərarası münasibətlərdə, həm də dövlətlər arasında həyata keçirilən işlərdə koordinasiya yaratmaq məqsədi daşıyır: "Biz yeni spikeri ölkəmizdə salamlayır, dövlətlər arasında münasibət və əməkdaşlığının daha da güclənib, xalqlarımızın rifahı və təhlükəsizliyinə xidmət etməsini arzu edirik".
İki ölkənin parlamentləri arasında da əlaqələrindən söz açan A.Mollazadə söyləyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə çox sıx və səmərəli əməkdaşlıq qurulub: "Bir müddət öncə Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin beynəlxalq komitələrinin birgə iclası keçirilmişdi. O zaman hazırkı spiker Binəli Yıldırım baş nazir idi. O zaman Binəli Yıldırım baş nazir kimi bizim ölkələrimizin birgə əməkdaşlıq edərək mühüm strateji layihələri həyata keçirməkdə Türkiyənin dəstəyindən bəhs etmiş və gələcəkdə bu əməkdaşlığın artacağını bildirmişdi. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi əminəm ki, bizim əməkdaşlığımız bundan sonra daha güclənəcək və həyata keçirdiyimiz layihələrin real olaraq, dövlətimizə, xalqımızın rifahına müsbət təsirini göstərməklə yanaşı, ölkələrimizin güclənməsinə xidmət göstərəcək".
SİA