Bəhruz Quliyev: “ Azərbaycan- Türkiyə münasibətləri yeni regional layihələri reallaşdıracaq"
29 Avqust 2018 16:45 Siyasət"Binəli Yıldırımın Türkiyənin Böyük Millət Məclisinin sədri qismində ilk xarici səfərini Azərbaycana etməsi bir daha təsdiq edir ki, ölkələrimizin əsasında dayanan əsas ali məqam qardaşlıq münasibətləridir".
Bu fikirləri "Olaylar"a siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, artıq bu kimi səfərlər ənənə şəklini alıb və bu ənənənin əsası məhz dövlət başçılarımız tərəfindən qoyulub: "İstər Azərbaycanda, istərsə də qardaş Türkiyədə bu ənənəyə böyük önəm verilir. Çünki ölkələrimiz bütün məsələlərdə bir-birinin yanındadır. Eyni zamanda, bu dərin əlaqələr tarixi əsaslara söykənir. Azərbaycan-Türkiyə əməkdaşlığı siyasi, iqtisadi, hərbi, mədəni və s. sahələrdə çox yüksək səviyyədə qurulub, davamlı inkişaf yolunu tutub". "Qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanın təşəbbüskar olaraq irəli sürdüyü bütün iqtisadi layihələrdə əsas iştirakçı olaraq çıxış edir", deyə qeyd edən Bəhruz Quliyevə görə, burada "Bakı-Tbilisi-Ceyhan, "Bakı -Tbilisi-Qars", "Bakı-Tbilisi-Ərzurum", TANAP, "Cənub Qaz Dəhlizi" və s. çoxsaylı reallaşdırılmış layihələri göstərməklə yanaşı, qarşıda dayanan digər perspektivli layihələr də göstərilə bilər: "Eyni zamanda, regionun təhlükəsizliyi, həmçinin, hərbi-siyasi əməkdaşlıq baxımından bir sıra mühüm addımlar reallaşdırılıb ki, bütün bu faktorlar hər iki ölkənin - həm Azərbaycanın, həm də Türkiyənin birgə mənafelərinə xidmət edir. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın uğurlu məntiqlərə əsaslanan münbit nəticələri var. Söz yox ki, bu nəticələr qardaş xalqlarımız, ölkələrimiz üçün çox mühümdür. Əbəs deyil ki, dövlət başçımız cənab İlham Əliyev daim öz çıxışlarında Azərbaycan-Türkiyə qardaşlıq-dostluq münasibətlərinin tərəqqisini Avrasiya qitəsi üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb. Cənab Prezident eyni zamanda, Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirərkən də, bu kimi əhəmiyyəti amilləri önə sürüb". "Son olaraq daha bir vacib faktoru da nəzərə çatdırmaq istərdim ki, cənab Binəli Yıldırım da Azərbaycana səfəri çərçivəsində ölkələrimizin regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkə olduğunu xüsusilə vurğulayıb", qeyd edən siyasi ekspert hesab edir ki, gerçəkləşən bu səfər ölkələr arasındakı münasibətlərin daha da inkişafına mühüm təkan verəcək: "Düşünürəm ki, bu gün dünyanın siyasi arenasında Azərbaycanla Türkiyə arasında olan münasibətlər və qardaşlıq telləri başqa dövlətlərdə bu qədər inkişaf etməyib. Məhz bu kimi mövcud reallıq ölkələrimizin münasibətlərinin təməlli şəkildə möhkəmləndirməsinə xidmət edir".