Fikrət Yusifov: "Azərbaycan-Almaniya münasibətləri inkişaf yolundadır"
29 Avqust 2018 15:43 Siyasət"Öz iqtisadi qüdrətinə görə, Almaniya dünyada ABŞ, Çin və Yaponiyadan sonra 3 trilyon 684 milyard dollarlıq Ümumi Daxili Məhsulla dördüncü ölkədir. Ümumdünya Ticarət Təşkilatının və ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, 2017-ci ildə Almaniya 1 trilyon 576 milyard dollar həcmində ixrac etməklə, Amerika Birləşmiş Ştatlarını qabaqlayaraq, Çindən sonra dünya ikincisi olmuşdu".
Bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov deyib.
İqtisadçının sözlərinə görə, Ümumi Daxili Məhsul və ixracın həcminə dair məlumatlar Almaniya iqtisadiyyatının nə qədər qüdrətli olduğunu aydın şəkildə göstərir:
"Belə nəhəng resurslara malik bir ölkənin iqtisadiyyatı və maliyyə durumu ona Avropa Birliyində dayaq rolunu oynayan iki dövlətdən biri olmağa imkan verir. Bu gün AB-də bu rolu Fransa ilə birlikdə məhz Almaniya oynayır. İngiltərənin AB-dən çıxmasına qərar verildikdən sonra Almaniyanın üzərinə bu məsələdə daha böyük yük düşür. Almaniya Avropa Birliyində aparıcı söz sahibidir. AB-nin siyasi və iqtisadi kursunun müəyyən edilməsində onun səsi həlledicidir.
Almaniya-Azərbaycan münasibətləri inkişaf yolundadır. Bunu iqtisadi əlaqələrimizin səviyyəsi təsdiq edir. Heç də əbəs deyil ki, xanım Merkelin Bakıda verdiyi bəyanatlardan birində Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşı olması etiraf edildi".
Ekspert bəyan edib ki, yaxın illərə qədər iki ölkə arasında ticarət əlaqələri daha böyük idi:
"Lakin sonradan bizim neft məhsullarımızın satış bazarında edilən bəzi korrektələr iki ölkə arasında ticarət dövriyyəsini bir xeyli azaltdı. Belə ki, əgər 2014-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 2 milyard 67 milyon dollar idisə, 2017-ci ildə bu rəqəm 894 milyon dollara qədər azala bildi. Lakin buna baxmayaraq, yenə də Azərbaycan regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniyanın xarici ticarət palatası var. Bu gün ölkəmizdə 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hökumətin mühüm addımlar atdığı bir dönəmdə alman iş adamlarının Azərbaycana bu şəkildə üz tutması tədqirəlayiq bir haldır".
F.Yusifov bildirib ki, bu gün Azərbaycan tək Almaniya üçün deyil, dünyanın ABŞ, Çin, Rusiya, Türkiyə, İran və bir çox başqa ölkələri üçün də çox maraqlı bir investisiya məkanına çevrilib:
"Bunu şərtləndirən əsas məqamlardan biri Azərbaycanın əlverişli coğrafi mövqeyidirsə, digəri və bundan daha önəmlisi isə Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və münbit biznes mühitdir. Son illər ərzində biznes mühitin yaxşılaşdırılması və onun istənilən səviyyədən olan investorlar üçün tam əlverişli bir duruma gətirilməsi, dünyanın aparıcı maliyyə institutlarının və digər beynəlxalq təşkilatlarının diqqət mərkəzində dayanır. Hər bir investor isə normal biznes mühiti olan ölkədə yatrımlar etməyə çox maraqlıdır.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının, gələcəkdə isə Türkmən qazı daxil olmaqla başqa ölkələrdən nəql ediləcək qazın bu xətlə Avropaya çatdırılması Almaniyanın marağında olan mühüm bir məsələdir. AB-nin aparıcı ölkəsi kimi Almaniya bu qaz hesabına ilkin mərhəllədə Avropanın cənubunda yerləşən ölkələrin qaz təchizatının şaxələndirilməsini və onların Rusiya qazından asılılığının minimuma endirilməsini alqışlayır. Almaniya Şərqlə Qərbi birləşdirən Bakı Tbilisi Qars dəmir yolunun istivadəyə verilməsini də yüksək dəyərləndirir. Bu yol Şərqdən gələn yüklərin bütün Avropaya, o cümlədən, Almaniyaya daha tez çatdırılmasının etibarlı xəttidir".
sherg.az