“Merkelin Cənubi Qafqaza səfərində əsas hədəf Azərbaycan idi” - MÖVQE
29 Avqust 2018 15:00 Siyasət"Almaniyanın Kansleri Angela Merkelin Cənubi Qafqaza səfərində əsas hədəf Azərbaycanla bağlı idi. Ermənistana olan səfər daha çox tanışlıq məqsədi daşıyır, Gürcüstana olan səfərin özü də müəyyən mənada Azərbaycanla bağlı idi. Bildiyiniz kimi tranzit xətləri Gürcüstandan keçdiyi üçün ölkə ərazisində yeni infrastrukturun yaradılmasını həm də bu prizmadan qiymətləndirmək olar".
Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu deyən deputat bildirib ki, ölkəmiz Cənubi Qafqaz və Avropa Birliyi arasındakı münasibətlərdə də kifayət qədər böyük rola malikdir: "Həm iqtisadi, həm də siyasi cəhətdən Avropa Birliyi ilə digər ölkələr arasındakı münasibətlərdə də Azərbaycanın rolu böyükdür. Xanım Merkel ölkəmizdə səfərdə olarkən dəfələrlə çıxışında qeyd etdi ki, Azərbaycan İran və Rusiya ilə həmsərhəddir. Bu gün Avropa Birliyi və İran münasibətlərində Azərbaycanın həyata keçirdiyi layihələr və tutduğu mövqe çox maraqlı və qəbulediləndir. Bu gün həm infrastruktur layihələrimiz, həm də Rusiya və İranla inteqrasiya məsələləri Azərbaycanı regionda Avropa Birliyi üçün önə çıxarır. Bu rakursdan baxsaq, Avropa Birliyinin məhz özünün inkişafı üçün Azərbaycana - ehtiyacı var".
T. Mirkişili söyləyib ki, Azərbaycan Avropa Birliyi münasibətləri hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edir: "Səfər zamanı Almaniya Kansləri ilə müzakirə olunan məsələlər çox tərəfli idi. Bilirsiniz ki, Avropa Birliyi ilə Azərbaycan arasında strateji əməkdaşlıq və müqavilələr hazırlanıb. Azərbaycanla Avropa Birliyi münasibətləri kifayət qədər maraqlı və konstruktiv istiqamətdə inkişaf edir. Merkelin də qeyd etdiyi kimi, Azərbaycanla Almaniyanın siyasi münasibətləri, ən maraqlı istiqamətlərdən biri olan iqtisadi əməkdaşlığın yeni müstəviyə qaldırılması, Azərbaycan qazının Avropa bazarına çıxarılması ilə bağlı məsələlər masada olub. Eyni zamanda SOCAR- la Almaniyanın bir şirkəti arasında Xəzər dənizində kəşfiyyat aparılması ilə bağlı yeni müqavilə imzalandı. Almaniya şirkətləri Azərbaycanın qeyri-neft sektorunda çalışan çoxsaylı şirkətlər arasındadır. Azərbaycanda aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı üçün alman tərəfinin daha da aktiv olması da müzakirə olunan məsələlərdən biri idi".
Almaniya bir dövlət olaraq həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirən deputat qeyd edib ki, Avropa Birliyi də ərazi bütövlüyünü dəstəklədiyi və qəbul etdiyi bütün qərarlarda, hətta onun qəbul etdiyi "Şərq Tərəfdaşlığı" bəyanatında da Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənir: "Bu nöqteyi-nəzərdən yanaşsaq, xanım Merkel İrəvanda verdiyi bəyanatlarda daha çox ümumi prinsiplər üzərində durub. Almaniyanın bu məsələnin həlli prosesinin sürətlənməsi üçün həmişə hazır olduqlarını da qeyd etdi. Düşünürəm ki, Almaniyanın verdiyi bəyanatlar kontekstdən kənara çıxmasa da, bu müsbət cəhddir və biz bunu yüksək qiymətləndiririk".
SİA