“Azərbaycan Avropa Birliyi üçün əvəz olunmaz tərəfdaşdır” - Millət vəkili
29 Avqust 2018 14:41 Siyasət"Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Əvvəla qeyd etmək istəyirəm ki, Angela Merkelin Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində son dayanacaq nöqtəsi kimi Azərbaycanı seçməsinin də böyük mənası var. Bu onu göstərir ki, xanım Merkel Ermənistanın səfalətdə yaşayan, köhnə, dilənçi, ümumiyyətlə, Avropanın baxışlarına uyğun gəlməyən bir ölkəsinin əhval ruhiyyəsi ilə geri qayıtmaq istəməyib".
Bu sözləri millət vəkili Azər Badamov deyib.
Millət vəkilinin fikrincə, A. Merkel səfərin daha əhəmiyyətli olması üçün sonuncu olaraq Azərbaycanı seçib ki, bu da Cənubi Qafqazla gələcək əməkdaşlıqda Almaniyanın Azərbaycana üstünlük verdiyini göstərir: "Həm də xanım Merkelin Cənubi Qafqaza gəlməkdə məqsədi Azərbaycan olub. Gürcüstana səfəri çərçivəsində də müzakirə olunan əsas məsələ Cənub Qaz Dəhlizi ilə bağlı olub. Ermənistana isə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanın "xətri qalmasın" deyə gedib. Azərbaycana səfərində məqsədi isə Almaniya-Azərbaycan strateji əməkdaşlıq əlaqələrini möhkəmlətmək və inkişaf etdirməkdən ibarət olub. Azərbaycan Avropa Birliyi üçün əvəz olunmaz tərəfdaşdır. Angela Merkel Azərbaycana qoyduğu ilk qədəmlərindən gördü ki, Azərbaycan heç də Avropadan geridə qalan ölkə deyil".
A. Badamov hesab edir ki, ölkədə infrastrukturun müasirliyi, şəhərin gözəlliyi, iqtisadiyyatımızın son 15 ildə 3 dəfədən çox artması, ölkədə iqtisadiyyatın diversifikasiya siyasətinin yeridilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolumuz - bütün bunlar Almaniya-Azərbaycan strateji əməkdaşlığında əsas yer tutur: "Almanlar harda və kiminlə iş görmək lazım olduğunu yaxşı anlayırlar. Ona görə də Almaniya dünyanın aparıcı iqtisadiyyatına malik ölkəsidir. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin ilbəil artması və qeyri-neft iqtisadiyyatda icra olunan layihələr alman iş adamlarının Azərbaycana marağını artırır. Almaniya iqtisadi maraqlarını daha geniş şəkildə Azərbaycanda təmin etmək üçün Azərbaycanın ərazi bütövlüyünün və siyasi sabitliyinin təmin olunmasında maraqlıdır. Bu gün Almaniyanın 150-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir və məhz dövlət büdcəsindən maliyyələşən layihələrdə 1 milyard dollardan çox hissəsinin alman şirkətlərinin payına düşməsi ölkələrimiz arasında gələcək əməkdaşlığın genişləndirilməsinə əsas verir. Səfər çərçivəsində Federal Kanslerin biznes adamları ilə görüşməsi və gələcək fəaliyyətlərinə tövsiyələrin verilməsi onu deməyə imkan verir ki, Azərbaycan Almaniya üçün maraqlı ölkədir və ölkəmizin Avropa İttifaqına inteqrasiya prosesinin sürətlənməsində genişlənən ikitərəfli strateji əməkdaşlıq əlaqələri xüsusi təkan verəcək".
azadinform