"Yerevanla Moskva arasında soyuq siyasi münasibətlərin davam etməsi gözlənilir"

"Ermənistanın yeni hakimiyyəti bütün sahələrdə olduğu kimi, hərbi sahədə də Rusiya ilə əməkdaşlıqdan yayınmağa cəhd edir. Ermənistan ordusunun silahlanmasında və bu ölkənin Moskvadan aslı bir vəziyyətdə qalmasında Rusiyanın Ermənistana daxili qiymətlərlə verdiyi silahların rolu böyükdür. Məhz, bu hərbi əməkdaşlıq fonunda Ermənistan Rusiyadan asılı bir ölkəyə çevrilib".

Bu fikirləri Olaylar.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistanın "İnqilab komitəsinin"( həqiqətən bu gün Paşinyan qeyri-rəsmi inqilab komitəsi yaradıb və inqilab rəhbəri kimi siyasət aparır) rəhbəri və baş nazir Nikol Paşinyan çalışır ki, Rusiyadan silah aslılığını azaltsın. Onun buna nail olacağı isə qeyri-mümkündür: "Xaricdən silah almağa heç bir ciddi maliyyə imkanı olmayan Yerevanın xarici silah bazar axtarmağı yalnız imitasiya ola bilər, yaxud da Moskvanı şantaj etməklə yeni silah partiyasının alınmasına çalışır. Paşinyanın qərbyönümlü siyasəti və anti-Rusiya mövqeyi, Rusiya hakim dairələrində bu ölkəyə silah tədarükünü dayandırması üçün bəyanatlar verilməsinə səbəb olub".

Politoloq qeyd edib ki, hazırda Ermənistanla artıq, yeni silah müqaviləsinin bağlaması ertələnib: "Paşinyan hökuməti Rusiyanın bu kimi etirazlarına qarşı Hindistandan silah alışını gündəmə gətirib. Rəsmi Yerevanın Hindistandan "Pinaka" yaylım atəşli reaktiv sistemləri ilə maraqlanması sadəcə maraq naminə olaraq qalacaq. Nikol Paşinyanın hazırda bir nömrəli işi xalqına söz verdiyi kimi sosial vəziyyəti yaxşılaşdırmaq üçün islahatlar aparmaqdır. Bu istiqamətdə Avropa İttifaqından və ABŞ-da lobbi dairələrindən ayrılan vəsait sosial islahatlara yönəlməlidir. Yoxsa, Paşinyan həmin vəsaitləri silah alışına yönləndirərsə, xalq sosial islahatlar tələbi ilə ayağa qalxıb, əks-inqilab edə bilər. Bununla da Paşinyanın hakmiyyətinə son verilər. Erməniləri bu gün silah deyil, sosial rifah maraqlandırır. Onlar Paşinyana ona görə dəstək verdilər ki, sosial vəziyyəti yaxşılaşdırsın. Yoxsa, müharibə bəyanatları ilə silah alışına qaldıqda Sarkisyanı hakimiyyətdə saxlayardılar".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, bundan əlavə, rəsmi Yerevanın reaktiv yaylım atəş sistemlərini Hindistandan almaq istəyi, Azərbaycanla silah paritetini qoruyub saxlamayacaq. Ümumiyyətlə, Hindistan artilleriya və raket sistemlərini Ermənistana dünya bazarı qiymətinə verəcək, bu da Ermənistanın real maliyyə imkanları xaricindədir. Tutaq ki, Ermənistan bir batareya " Pinaka" yaylım atəş sistemi aldı, bundan sonrakı addımda onun yenidən silah alışı maliyyə cəhətdən mümkün deyil.

O vurğulayıb ki, iki strateji müttəfiq olan Yerevanla Moskva arasında soyuq siyasi münasibətlərin davam etməsi gözlənilir: "Təbii ki, Ermənistanın Rusiya ilə əlaqələrinin zədələnməsi, Azərbaycanın milli maraqlarına cavab verir. Bu ölkə nə qədər Moskvadan uzaqlaşsa, Kremldə Ermənistana silah tədarükünü dayandıracaq. Heç bir dövlətdə Rusiya kimi Ermənistana kreditlə və yaxud daxili qiymətlərə silah verməyəcək. Göründüyü kimi, Ermənistanın sağa-sola vurxunan siyasəti, bu ölkəni Azərbaycan qarşısında zəiflədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31