Deputat: "Azərbaycanın Almaniyadan müəyyən gözləntiləri var"

"Almaniya kansleri xanım Merkelin Azərbaycana səfəri xoşməramlı olmaqla yanaşı, bu səfər ölkələr arasında mövcud olan mehriban əməkdaşlıq tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirəcək".

Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, iki tərəfli əməkdaşlıq dedikdə həm iqtisadi, həm siyasi, həm diplomatik və digər sahələr nəzərdə tutulur.

Azərbaycan və Almaniya arasında mədəni-humnaitar əlaqələrin uzun tarixi olduğunu deyən deputatın sözlərinə görə, Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir: "Bu gün ölkəmizdə alman icması fəaliyyət göstərməklə yanaşı, vaxtilə onların ölkəmizdə tikdikləri abidələr bu gün də qorunub saxlanır. Hətta Azərbaycanın müəyyən ərazilərində alman qəbiristanlıqlarının dövlətimiz, xalqımız tərəfindən qorunub saxlanması iki ölkə arasında olan münasibətlərə istilik, səmimilik gətirən məsələlərdir".

E. Məmmədov söyləyib ki, Angela Merkelin ölkəmizə səfəri alman şirkətlərinin Azərbaycana sərmayə yatırmasına da müsbət təsirini göstərəcək: "Burada bizi maraqlandıran məsələ alman şirkətlərinin ölkəmizdə qeyri-neft sektorunun inkişafına kapital yatırmasıdır. Əgər Almaniyanı bizim neft, qaz layihələrimiz maraqlandırırsa, bizi də ən çox alman şirkətlərinin məhz qeyri-neft sektoruna qoyduğu sərmayələr maraqlandırır".

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğunu xatırladan deputat vurğulayıb ki, Almaniya Avropanın böyük dövləti kimi ölkəmizin töhfəsindən daha çox bəhrələnmək istəyir: " Almaniya özünün qazla təminatı məsələsində bir dövlətdən asılılığı aradan qaldırmaq üçün Azərbaycanın bu istiqamətdəki töhfələrindən faydalanmaq istəyir".

E. Məmmədov qeyd edib ki, Azərbaycanın Almaniyadan müəyyən gözləntiləri var: " Almaniya Avropanın aparıcı, böyük, nüfuzlu dövlətlərindən biridir. Almaniya Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamentində Avropanın bütün rəsmi qurumlarında sanballı tərəf kimi tanınır. Buna görə biz Almaniyadan bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində özünün ədalətli, fəal mövqeyi ilə çıxış etməsini istəyirik. Almaniya münaqişənin həllinə töhfə verə bilər. Vaxtaşırı Avropanın müxtəlif ölkələrində, qurumlarda ölkəmizə qarşı çox ədalətsiz, şər, böhtan, qərəzli kampaniyalar aparılır. Biz bu məsələlərdə də Almaniyanın ədalətli mövqedə durmasını istəyirik. Əgər biz daha sıx əməkdaşlıq, tərəfdaşlıq etmək istəyiriksə, bütün istiqamətlərdə bir-birinə qarşı səmimi olmalıyıq. Bu baxımdan Almaniya Kanslerinin Azərbaycana səfərini hər iki dövlət üçün uğurlu, iki ölkə arasında münasibətlərin bundan sonra daha yüksək səviyyədə inkişaf etməsi üçün vacib və dəyərli hesab edirəm".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31