“Merkelin münaqişənin həlli yollarına münasibəti bizim mövqeyimizlə üst-üstə düşür" - MÖVQE
28 Avqust 2018 14:59 Siyasət"Almaniyanın Cənubi Qafqaz regionuna olan siyasi marağının tarixi ötən əsrə gedib çıxır. XX əsrin əvvəllərində tarix səhnəsində aparıcı rol oynamaq iddiasında olan Almaniya müstəqillik qazanmış Gürcüstan və Azərbaycanla əlaqələrin güclənməsində çox maraqlı idi. Lakin o dövrdə baş verən iki Dünya müharibəsində Almaniyanın məğlubiyyəti bu dövlətin öz geosiyasi planlarını həyata keçirməsinə uzun müddət imkan vermədi. İndi isə zaman dəyişib, artıq ABŞ-ın hakim olduğu birqütblü dünya yoxdur. Hərbi cəhətdən güclənən Rusiya, dünyanın ikinci iqtisadiyyatı olan Çin birqütblü dünya dövrünün artıq keçmişdə qaldığını iddia edirlər. ABŞ ilə münasibətlərində soyuqluğu hiss edən Avropa İttifaqı dövlətləri, xüsusilə də Almaniya yeni dünya düzənində əlverişli mövqe tutmaq arzusundadırlar. Bu baxımdan, Kansler Angela Merkelin Cənubi Qafqaz səfərinə çıxmasını təsadüfi hesab etmək olmaz".
Bu fikirləri "Palitra" qəzetinin baş redaktoru, Tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev deyib.
Onun sözlərinə görə, xanım Merkel yaxşı bilir ki, səfərə çıxdığı regionun iqtisadi cəhətdən ən qüdrətli dövləti Azərbaycandır: "Avropanın enerji təminatında mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin müəllifi Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevdir. Almaniyanın regionda ən böyük və ən vacib ticarət tərəfdaşının Azərbaycan olduğunu Kansler də xüsusi vurğuladı. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə yaxını Azərbaycanda cəmləşib, regionun sırf Almaniya ilə ümumi ticarətində bizim dövlətimizin payı isə 70 faizə yaxındır. Buna görə də fikrimizcə, Gürcüstan və Ermənistana münasibətdə Almaniyanın siyasi maraqları öndə idisə, Azərbaycana münasibətdə həm siyasi, həm də iqtisadi maraqlarının olduğu özünü büruzə verirdi".
Baş redaktor bildirib ki, region ölkələri arasında dəyəri milyardlarla dollarla ölçülən ən iri iqtisadi sazişin Azərbaycanla bağlanması təsadüfi deyil: "Sazişə görə, Almaniyanın "Uniper SE" şirkəti və SOCAR neft-qaz istehsalı sahəsindəki layihələrdə birgə çalışacaqlar. Kansler Merkelin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına münasibəti də bizim mövqe ilə üst-üstə düşür. Merkel Bakıda bəyan etdi ki, bu münaqişə BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməlidir. Təsadüfi deyil ki, erməni siyasətçiləri də münaqişənin həllinə bu cür yanaşmanın Azərbaycan üçün sərfəli olduğunu etiraf edirlər. Azərbaycanın siyasi və iqtisadi çəkisinin ağır olmasının nəticəsi idi ki, Dağlıq Qarabağa səfər etmiş alman deputatın nümayəndə heyətinin tərkibində Azərbaycana girişinə icazə verilmədi. Bu həm də, dövlətimizin, o cümlədən Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial və sərt mövqe tutmasının göstəricisi idi".
N. Əliyev qeyd edib ki, xanım Merkelin çıxışında Azərbaycanın mühüm geosiyasi mövqeyini vurğulaması da səfərin maraqlı məqamlarından biri idi: "Şübhəsiz ki, Almaniya rəhbərliyi Azərbaycanın geostrateji ərazidə yerləşməsini, ölkənin geosiyasi baxımdan əhəmiyyətini yaxşı bilir. Ona görə də, Azərbaycandakı bir neçə nəfər vətəndaş cəmiyyəti fəalının Merkellə görüşdə dövlətimizin əleyhinə açıqlamalar verməsinin heç bir əhəmiyyəti yoxdur. Almaniya öz siyasətini yeni dünya düzəninin tələbləri üzərində qurur. Yeni dünya düzəni də Avropa İttifaqının, o cümlədən də Almaniyanın regionda Azərbaycanla, hər iki tərəfin maraqlarına uyğun , bərabərhüquqlu, ikili standartlardan uzaq, şəffaf, daxili işlərə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmasını tələb edir".
sia