Almaniya Azərbaycanın enerji layihələrini dəstəkləyir
28 Avqust 2018 14:33 SiyasətBu, Azərbaycan Aİ əlaqələrinin inkişafına təkan verəcək
Almaniya Kansleri Angela Merkel Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlməsi yerli və beynəlxalq mətbuatın əsas müzakirə pedmetinə çevrilib. Gündəmi zəbt edən əsas məsələ Merkelin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər və aparılan danışıqların iki ölkə arasındakı münasibətlərin inkişafına, eləcə də region ölkələrlə əməkdaşlıq prespektivinə necə təsir edəcəyi ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, Qərb mediasında Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi,"Cənub qaz dəhlizi"nin genişləndirilməsi olduğu bildirilir. Qeyd edilirdi ki, Almaniya "Cənub qaz dəhlizi"nə regiondaki digər ölkələri də cəlb etməyi arzulayır. Yeri gəlmişkən xatırladaq ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi" Avrasiya məkanında müxtəlif ölkələrin iqtisadiyyatını birləşdirməklə yanaşı, onların iqtisadi və sosial vəziyyətinin inkişafına, həm də bölgənin siyasi sabitliyinə də öz töhfəsini verəcəyi şübhəsizdir. Bu isə Azərbaycanın beynəlxalq miqyasında rolunun artmasına dəlalət edən amil kimi dəyərləndirilməlidir. XXI əsrin layihəsi adlandırılan, Avrasiyanın enerji xəritəsinin zənginləşməsində strateji rol oynayan "Cənub Qaz Dəhlizi"nin uğurla reallaşdırılması bunun bariz nümunəsidir. Təadüfi deyil ki, Merkel səfəri zamanı Avropanın enerji təminatının şaxələndirilməsində Azərbaycanın xüsusi roluna toxunmuş və Cənub Qaz Dəhlizinin açılmasının Avropanın enerji təminatında böyük rol oynayacağını qeyd etmişdir.
O ki, qaldı sözügedən səfərin Azərbaycan-Almaniya əlaqələrinin inkişafına, qeyd edilməlidir ki, iki ölkə arasındakı mədəni-humnaitar əlaqələr qədim tarixə malikdir. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Belə ki, Azərbaycanda alman koloniyalarının yaranması tarixi XIX əsrin əvvəllərindən başlayır. XYIII əsrin sonu XIX əsrin əvvələrində Rusiya imperiyası Qafqaz uğrunda açıq mübarizəyə başlayır, və bölgədə dominantlığı ələ keçirmək məqsədi ilə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarına təcavüz edir. İşğal prosesi boyu müsəlman ölkəsində özünün siyasi hakimiyyətinin dayaqlarını möhkəmlətmək və xristian elementini Azərbaycan əhalisinin etnokonfessional nomenklaturasına gətirmək məqsədini əsas götürən Rusiya imperiyası xristian etnosları ölkədə yerləşdirməyə başlayır. Birinci olaraq Azərbaycan torpaqlarına almanlar köçürülürlər. Məhs bu dövrdə almanların Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi nəticəsində ilk alman koloniyaların təməli qoyulur.
Hazırda isə Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Rəsmi statistikaya əsasən 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təxminən 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Azərbaycanda bu ölkənin çoxsaylı şirkətləri sərbəst şəkildə fəaliyyət göstərməkdədirlər. Məlumata görə, Almaniyadan olan şirkətlər Azərbaycanda 1 milyard dollardan çox dəyəri olan layihələr icra ediblər. Azərbaycanda alman xarici ticarət palatası var, burada 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Heç şübhəsiz ki, Merkelin ölkəmizə səfərindən sonra Azərbaycanda müasir texnologiyaların tətbiqi, iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafında alman şirkətləri ilə əməkdaşlıq genişləndirləcək. Sadalanan faktlar ölkələr arasındakı iqtisadi əlaqələrin ən yüksək səviyyədə olduğunun göstəricisidir.
Bu ölkələr arasında siyasi əlaqələr də ən yüksək səviyyədədir. Belə ki, Azərbaycan Prezidenti Almaniya kansleri ilə dəfələrlə görüşmüş, iki ölkənin rəhərliyi araında səmimi dialoq, etimad mühiti yaranmışdır. Azərbaycan və Almaniya rəhbərləri arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Azərbaycanın mühüm geostrateji ərazidə yerləşməsi, bölgədə müşahidə olunan tendensiyalr fonunda müasir dünyəvi müsəlman dövləti modeli onun Qərb üçün cəlbediciliyini xüsusi olaraq artırır. Odur ki, birmənalı şəkildə qeyd etmək olar ki, Merkelin ölkəmizə səfərinin nəticəsi olaraq Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Çünki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır, Aİ ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Almaniya Aİ-nin lokomativ ölkəsi sayılır və bu səfər Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür. Səfər zamanı aparılan danışıqlar bu əlaqələrirn yeni müstəviyə yüksəlməsinə stimul verir.
Səfər çərçivəsində Merkelin regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları da mühüm əhəmiyyətə malikdir. Səfər əsnasında Azərbaycan tərəfinin prinsipial mövqeyi bir daha nümayiş etdirildi. Müəyyən təzyiqlərə,çağırışlara baxmayaraq Dağlıq Qarabağa qanunsuz səfər etmiş alman deputatı Azərəbaycana buraxılmadı. Bununla da Azərbaycan rəhbərliyi əməkdaşlıq etdiyi bütün qurumlar və dövlətlər üçün ölkənin ərazi bütövlüyünün prioritet olmasını bəyan edir. Məhz Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etməsi də bu prinsipial mövqeyin nəticəsidir.
Sadalanan faktlar deməyə əsas verir ki, Merkelin ölkəmizə səfəri bir sıra amillər baxımından əhəmiyyətlidir. Belə ki, səfərin Azərbaycanla Almaniya arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatının şaxələnməsi və tenxonoloji baxımdan müasirləşməsinə töhfə verəcəyi şübhəsizdir. Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi isə Azərbaycan və Avropa İttifaqı əlaqələrinin sürətlənməsinə təkan verəcək. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı səslənən fikirlər Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının fəallığının artırılmasına öz töhvəsini verəcək.
Zəka