Deputat: “Səfər Almaniyanın Azərbaycana üstünlük verdiyini göstərir”
28 Avqust 2018 14:04 Siyasət"Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfərinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Əvvəla qeyd etmək istəyirəm ki, Angela Merkelin Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində son dayanacaq nöqtəsi kimi Azərbaycanı seçməsinin də böyük mənası var. Bu onu göstərir ki, xanım Merkel Ermənistanın səfalətdə yaşayan, köhnə, dilənçi, ümumiyyətlə Avropanın baxışlarına uyğun gəlməyən bir ölkəsinin əhval-ruhiyyəsi ilə geri qayıtmaq istəməyib".
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, xanım Merkelin son səfərinin Azərbaycanı seçməsi Cənubi Qafqazla gələcək əməkdaşlıqda Almaniyanın Azərbaycana üstünlük verdiyini göstərir: "Angela Merkel Azərbaycana qoyduğu ilk qədəmlərindən gördü ki, Azərbaycan heç də Avropadan geridə qalan ölkə deyil. İnfrastrukturunun müasirliyi, şəhərin gözəlliyi, iqtisadiyyatımızın son 15 ildə 3 dəfədən çox artması, ölkədə iqtisadiyyatın diversifikasiya siyasətinin yeridilməsi, Avropanın enerji təhlükəsizliyin təminatında artan rolumuz, bütün bunlar Almaniya Azərbaycan strateji əməkdaşlığında əsas yer tutur".
A. Badamov bildirib ki, almanlar harada və kiminlə iş görmək lazım olduğunu yaxşı anlayır: "Almaniya dünyanın aparıcı iqtisadiyyatına malik ölkədir. Bu gün Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin ilbəil artması və qeyri-neft sektorunda icra olunan layihələr alman iş adamlarının Azərbaycana marağını artırır. Almaniya iqtisadi maraqlarını daha geniş şəkildə Azərbaycanda təmin etmək üçün ölkəmizin ərazi bütövlüyünün və siyasi sabitliyinin təmin olunmasında maraqlıdır. Bu gün Almaniyanın 150-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir və məhz dövlət büdcəsindən maliyyələşən layihələrin 1 milyard dollardan çox hissəsinin Alman şirkətlərinin payına düşməsi ölkələrimiz arasında gələcək əməkdaşlığın genişləndirilməsinə əsas verir".
Deputat əlavə edib ki, səfər çərçivəsində Federal Kanslerin biznes adamları ilə görüşməsi və gələcək fəaliyyətlərinə tövsiyələrin verilməsi onu deməyə imkan verir ki, Azərbaycan Almaniya üçün maraqlı ölkədir və bu əlaqələr ölkəmizin Avropa İttifaqına inteqrasiya prosesinin sürətlənməsinə, genişlənən ikitərəfli strateji əməkdaşlıq əlaqələrinə xüsusi təkan verəcək.
SİA