Almaniya Dağlıq Qarabağ məsələsində hansı rolu oynaya bilər?

Mehdi Abdullayev: "Merkelin sözləri Qarabağ münaqişəsinin sülh yolu ilə həlli limitinin bitmədiyini göstərir"

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycan Respublikasına səfəri bir sıra rəsmi bəyənatlarla yadda qalıb. Siyasi icmalçıların səfər çərçivəsində verilən açıqlamaları iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyi qənaətindədirlər.  Hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib ki, Almaniya kansleri xanım Angela Merkelin ölkəmizə səfəri müsbət qiymətləndirilməlidir: "Hesab edirəm ki, bu səfər, səfər zamanı ölkə Prezidenti cənab İlham Əliyevlə gerçəkləşdirilən görüş, iş adamları ilə bir araya gəlinməsi, səsləndirilən fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin, qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi və gücləndirilməsində öz sözünü deyəcək, müsbət töhfəsini verəcək". Onun sözlərinə görə, Azərbaycanla Almaniya arasında illərdir davam edən  xoş münasibətlər mövcuddur: "Xüsusilə də Qarabağ məsələsində bu dövlət digər bir çox ölkələrlə müqayisədə daha ədalətli mövge sərgiləyir. Heç təsadüfi deyil ki, Almaniya parlament-Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən azsaylı Qərb ölkələrindən biri və birincilərdəndir. Hətta, uzun illər həm qardaş Türkiyənin, həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib və yenə də bu təkliflər gündəmdədir. Çünki Azərbaycan cəmiyyəti bu iki ölkəninn ədalətli mövqe nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə cəlb edilməsində maraqlıdır və bunu da zaman-zaman dilə gətirib. Amma təəssüflər olsun ki, bizlərdən asılı olmayan səbəblərdən hələ ki, bunlar təklif olaraq qalır. Ancaq şəxsən mən də hesab edirəm ki, əgər bu iki ölkə həmsədrliyiə cəlb olunarsa, o zaman vasitəçilər missiyası tərəfindən ədalətli mövqe sərgilənməsi daha real və daha inandırıcı olar. Təsadüfi deyil ki, dünənki mətbuat konfransında xanım Merkel Qarabağ məsələsinin həllində Almaniyanın da iştirakını arzuladıqlarını bəyan etdi: "Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik". Düzdür, bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib, isti mesajlar, vədlər verilib, amma reallıqda bunun nəticəsi görünməyib. Amma xanım Merkelin bu sözləri Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidlərimizi bir qədər də artırır. Yəni, sülh, danışıqlar yolu ilə münaqişənin  həlli limiti hələ tam tükənməyib. Bu baxımdan da, çox istərdim ki, bunlar söz olaraq qalmasın və Qarabağ münaqişəsinin həlli prosesində öz müsbət rolunu oynasın. Ümumiyyətlə, Azərbaycan açıq, şəffaf ölkədir, hər bir ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini ortaya qoyub, gərəkən addımları atıb. Azərbaycan, sadəcə, zor, təhdid, təzyiq, diktə dilini sevmir, qəbul etmir. Yəni, hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış və öz mövqeyində də israr edir. Odur ki, Azərbaycan hər kəslə səmimi, açıq əməkdaşlıqda maraqlıdır və qarşı tərəfdən də bunları gözləyir. Son olaraq, bir daha belə hesab edirəm ki, son səfər hər iki ölkə və xalqın maraqlarına xidmət edir və edəcək".

***

Millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, Almaniya kansleri xanım Angela Merkelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə səbəb olacaq. S. Vəliyeva bildirib ki, Almaniya dünyanın dördüncü, Avropa qitəsinin ən güclü ölkələrindən biridir. Xüsusilə də, son dövr ərzində dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər Almaniya kimi dövlətlər üçün müxtəlif regionlar üzrə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək, dərinləşdirmək istəklərini reallaşdırma imkanları formalaşdırır. Əlbəttə ki, xanım Merkelin Azərbaycana səfəri də bu baxımdan istisna təşkil etmir: "Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizə 250 milyard dollar sərmayə qoyulub. Davos Ümumdünya İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb. Artıq bu gün Azərbaycan Cənubi Qafqaz regionunun maliyyə və iqtisadi kütləsinin 75 faizini özündə cəmləşdirir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verməkdə davam edir. Hətta, Azərbaycanın malik olduğu tranzit-kommunikasiya infrastrukturu perspektiv karbohidrogen layihələrin reallaşdırılması üçün də əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqına daxil olan dövlətlərin bir çoxu ilə ikitərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri də mövcuddur. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Bu mənada, Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 mlrd. dollar olub. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Elə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olması faktı da bu göstəricilərə əlavə edilir. Məhz bu və digər səbəblər Almaniyanın Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək, dərinləşdirmək planlarının reallaşdırılmasına şərait yaradır".Onun sözlərinə görə,  Prezident İlham Əliyevin və xanım Angela Merkelin iş adamları ilə görüşü zamanı Almaniya kanslerinin Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətlərinin mövcudluğu barədə danışması, eyni zamanda ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkə olmasını, Azərbaycanın çox sürətli inkişafa nail olduğunu və bunun Almaniya ilə yaxşı partnyorluq üçün əsas yaratdığını qeyd etməsi bir daha rəsmi Berlinin Bakı ilə sıx əməkdaşlığa verdiyi önəmi üzə çıxarır. Bu isə o deməkdir ki, Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Cənubi Qafqaz və Avropa regionu üçün xüsusi əhəmiyyət kəsb edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31