"Merkelin səfəri bütün sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər açacaq" - Millət vəkili

"Azərbaycan Respublikasının Almaniyada, Almaniyanın daAzərbaycanda böyük maraqları var. Həmin maraqlar cərgəsində siyasi, strateji, təhlükəsizlik, ticarət-iqtisadi, maliyyə, enerji, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq mühüm yer tutur".

Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində birinci yeri tutur: "Azərbaycan- Almaniya münasibətlərini bir sıra amillər şərtləndirir. Hər şeydən əvvəl, xalqlarımız arasında münasibətlərin dərin tarixi kökləri var. Hələ orta əsrlərdən ilk əlaqələr yaranmışdı. Sonralar, XIX əsrdən almanlar ölkəmizdə məskunlaşıblar. Azərbaycan xalqı onlara xoş münasibət bəsləyib. Ortaq nikahlar da olub. Birinci və İkinci Dünya müharibələri zamanı Azərbaycana alman əsriləri də gətirilimişdi. Bu gün ölkəmizdə alman əsirlərinin məzarları var və ən yaxşı şəkildə qorunur. İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniyada və Qərbi Berlində azərbaycanlılar qalmış və öz təşkilatlarını qurmuşdular. AFR-də də azərbaycanlı məzarları var. Sovet dövründə AFR-in Lüdviqshafen şəhəri ilə Sumqayıt qardaşlamışdı və bu, indi də davam edir.

AFR Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan və səfirlik açan dövlətlərdən biri olub. Ölkəmizin Avropada ilk səfirliyi məhz Almaniyada açılıb. Bütün bunlarla yanaşı, Azərbaycan-Almaniya münasibətlərinə təsir edən bir çox digər ciddi amillər də var. Bunlar həm ikitərəfli, həm regional, həm də beynəlxalq çərçivədə maraqlardır. Həmin maraqlar cərgəsində siyasi, strateji, təhlükəsizlik, ticarət-iqtisadi, maliyyə, enerji, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq mühüm yer tutur. Almaniya Avropa İttifaqının aparıcı dövlətidir və əgər belə demək mümkündürsə, təşkilatın ağırlığını çəkir.

Bu gün Azərbaycan Avropa İttifaqı ilə geniş əməkdaşlıq edir və böyük perspektivlərinə dair danışıqlar aparılır. Məlum olduğu kimi, cənab Prezidentimiz İlham Əliyev dəfələrlə Almaniyaya səfər edib, münasibətlərin hüquq-müqavilə bazası formalaşıb və möhkəmldirilib. Azərbaycanın etibarlı tərəfdaş imici formalaşıb. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib. Ölkəmizə alman texnologiyası gətirilib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıqda dinamizm vardır. Təqribən 150 alman şirkəti ölkəmizdə fəaliyyət göstərir. Almaniya ölkəmizin xarici ticarətində özünəməxsus yer tutur. Azərbaycan da Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində birinci yeri tutur. Angela Merkelin səfəri və keçirilən danışıqlar həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq. Bu səfər Avropa İttifaqı ilə əməkdaşlığa da müsbət təsir edəcəkdir".

Musa Qasımlı onu da əlavə edib ki, Azərbaycan müsəlman dünyasında özünəməxsus yer tutduğundan Almaniya üçün əhəmiyyət kəsb edir: "Bu istiqamətdə də yeniliklər gözləməyə dəyər. Çünki Almaniyanın özünəməxsus ənənəvi Yaxın, Orta Şərq və Qafqaz siyasəti vardır. Yeni şəraitdə onun həyata keçirildiyini görməmək mümkün deyildir. Ənənəvi olaraq Almaniya xarici siyasət fəaliyyətini hay-küysüz, sakitcə, ilk növbədə, münasibətlərin maddi təməlləri möhkəmləndirərək yürüdür və bir müddət keçdikdən sonra digər böyük dövlətlərlə birlikdə masada oturur. Almaniyanın ilk federal kanslerinin ölkəmizə səfəri bütün sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər açacaq. İlk növbədə, ikitərəfli ticarət-iqtisadi, elmi-texniki və mədəni-humanitar əlaqələr genişlənəcək. Bundan hər iki tərəf fayda götürəcək".

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31